24 Mar - 31 Avq 15
“Şirin Neşat həyatımızın siyasi ölçülərini cəmləşdirən bənzərsiz bir dünyagörüşü özündə inkişaf etdirmişdir... O, şəxsi təcrübəsini dünya miqyaslı nəticə səviyyəsində duran sənət əsərlərinə çevirmək bacarığına malikdir”.
Kolumbiya Universitetinin professoru Hamid Dabaşiyə istinadla gətirilən bu kəlmələrə mən iki il öncə “The New York Times” qəzetinin bir məqaləsini oxuyarkən rast gəldim. Həmin kəlmələrin Şirinin yaradıcılığını olduqca dəqiq təqdim etdiyini düşündüyümə görə onları yadda saxladım. Həqiqətən, Şirinin illər boyu dostluq etdiyim və hörmət bəslədiyim bir sənətkar olmağından əlavə, məni YARAT-ın bu layihəsinə onu cəlb etmək fikrinə salan məhz Şirinin bu dünyagörüşü və bu bacarığı oldu. Onun ildən-ilə davam etdirərək keçdiyi təkamül yolunu maraqla izləyirəm – istər foto sənətində olsun, istər video, istərsə də kinoda.
Ona ilk dəfə Nyu-York Xalq Kitabxanasında 2006-cı ilin baharında, Qərbin İranla bağlı yanlış fikirlərini araşdıran və Şirinin iştirakı ilə keçirilən açıq müzakirə tədbirində rast gəldim.II Onun “Allahın qadınları” (1993–1997) fotolar silsiləsini hələ on il öncə, incəsənət tarixi üzrə Bostonda oxuduğum vaxt görmüşdüm, elə o vaxtdan da Şirin Neşatın yaradıcılığının vurğunu oldum – yəqin ki, incəsənəti və dədə-baba yurdunu sevən hər bir insan kimi. Həqiqətən, məni sonradan İranın müasir incəsənəti ilə və onu beynəlxalq auditoriya qarşısına çıxarmaqla ciddi məşğul olmağa ilhamlandıran Şirinin yaradıcılığı olmuşdur.
Onun müxtəlif yeni təşəbbüslərini, o cümlədən mükafatlar qazanmış “Qadınlar kişilərin yoxluğunda” (2009) filmini necə gerçəkləşdirdiyinin şahidi olduğum üçün bilirəm ki, layihə üzərində çalışdığı zaman Şirin hər şeyə nə qədər həssas yanaşır. O, inanılmaz bacarıqla təsviri obrazları müasirliyə uyğunlaşdıraraq, konseptlə estetik dəyərlərin, vətənpərvərliklə poetik haşiyələrin güclü və təsirli birləşməsinə nail ola bilir. Əsərlərini incəsənətin hansı sahəsində yaratdığından asılı olmayaraq, Şirin öz tamaşaçı auditoriyasına təsir göstərməyin yollarını həmişə tapa bilmişdir.
Onun “sürgün” və “ev” anlayışlarına münasibəti də mənim yavaş-yavaş araşdırmaq istədiyim amil olmuşdur. Öz müsahibələrində o, bir neçə dəfə qeyd etmişdir: “Mən heç zaman tam olaraq haranınsa mənsubu olmayacağam, heç zaman bütövlükdə harasa sığmayacağam”.IV İranlılar diasporasında və ələlxüsus iranlı incəsənət adamlarının əsərlərində Şərqlə Qərbin münaqişəsi tez-tez özünü büruzə verir. Bu amil məni təhrik etdi ki, cəhd edib YARAT-ın bu sifarişinə qurşanaq: ürəyimdən keçirdi ki, Şirin, görəsən, Şərqlə Qərbin qovuşduğu məkan olan Azərbaycanı bir ilham mənbəyi kimi necə qəbul edəcək. Mənim özümə gəlincə, 2008-ci ildə Bakıya ilk dəfə səfər etdiyimdən başlayaraq mən bu ölkənin ilhamverici qüdrətinə artıq bələd idim, üstəlik, iki il öncə Venesiyadakı sərgimiz çərçivəsində YARAT-la təmasda olmuşdum.
Şirin bir neçə dəfə mədəniyyət və tarix mövzusunda ona sifariş olunan layihələrin öhdəsindən gəlmişdi. Buna misal kimi onun təzəlikcə Nyu-Yorkda “Rauschenberg” FondununVI sifarişi ilə ərsəyə gətirdiyi “Evimiz od içindədir” (2013) adlı möhtəşəm fotolar silsiləsi göstərilə bilər. Başqa bir silsiləni o, El Qreko sənətindən ilham alaraq, 2014-cü ildə “ToledoContemporánea” (İspaniya) sərgisi üçün yaratmışdır.VII Bunlardan əlavə, Şirin poeziya və vətənpərvərlik mövzularını da dərindən araşdırmışdı – misal üçün, Firdövsinin 60000 misralıq “Şahnamə”sinə və İranla Yaxın Şərqdə son vaxtlar baş vermiş hadisələrə həsr etdiyi monumental “Krallar kitabı” (2012) silsiləsində olduğu kimi.
Odur ki, Azərbaycanda mövcud olan gözəl mədəni müxtəlifliyi və tarixi irsi təqdim etməli layihənin niyə məhz bu sənətkara YARAT-la mənim tərəfimdən həvalə olunması, demək olar ki, göz qabağındadır. Üç böyük tarixi imperiyanın arasında duran Azərbaycan bu layihə çərçivəsində bir neçə cəhətdən maraqlı araşdırma obyekti kimi görünürdü: cəmiyyətin müxtəlif millətlərdən təşkil olduğundan tutmuş, xalqın 1991-ci ildə əldə etdiyi müstəqilliyinə qədər.
“Gözlərimin Evi” (2015) fotolar silsiləsi geniş əməkdaşlığın məhsuludur. Layihədə iştirak etmək üçün Azərbaycanın müxtəlif bölgələrini təmsil edən, müxtəlif dini mövqelərdə duran və yaşı ikidən yetmiş səkkizə kimi olan əlli beş nəfər ölkə sakini seçilmişdi. Rəssam bu layihə iştirakçıları üçün dörd sualVIII hazırlamışdı və hər birinin fotosunu çəkərkən ona həmin sualları verib cavab alır, fikrini öyrənirdi.IX 2014-cü ilin oktyabrında Bakıda aparılan fotoçəkilişin ardınca layihə
işləri rəssamın Nyu-York emalatxanasında davam etdirildi: Şirin burada layihə iştirakçılarının cavablarını – əksəriyyəti ahəngdarlıq və qürur düşüncələrinin ifadəsi olmaqla – hərənin öz fotosu üzərinə xəttat misraları formasında mürəkkəblə yazdı, Nizami GəncəvininX şeirlərindən parçalar da əlavə etdi. Beləcə, nəticədə alınmış fotoşəkillər, daşıdıqları mesaj və konseptə görə həm hər hansı zamana bağlılıqdan uzaq olmuş, həm də YARAT Müasir İncəsənət Mərkəzinin sərgi məkanına tam uyğunlaşaraq möhtəşəm və bənzərsiz özəl instalyasiya təşkil etdi.
Şirinin yaratdığı portretlərdə təsviri təkamülü izləmək mənimçün xüsusilə maraqlı olmuşdur. Onun özü isə layihə əsnasında portret janrına münasibətinin dəyişməsi barədə bu kataloqda belə yazır: “Çəkdiyim fotolarda öncə insanların emosiyalarını göstərmək mənə maraqlı gəlirdisə, sonradan məni maraqlandıran – portretin təsvir dili ilə mədəni hekayələr təqdim etməsi olmuşdur”.XI “Gözlərimin Evi” layihəsi Şirin üçün portret janrı içində bir səyahət oldu.
Yeni fotolar silsiləsinin bu sərgisinə “Monoloq” (1999) və “Keçid” (2001) video-filmlərinin nümayişini də əlavə etmək yerinə düşər deyə düşündüm. Şirinin yaradıcılığı Azərbaycanda ilk dəfə göstərildiyi üçün istədim ki, “Gözlərimin Evi” onun böyük yaradıcılıq yolunun geniş kontekstində təqdim olunsun. Həmçinin, bu video-filmlər, məncə, müəyyən mənada Azərbaycanla da səsləşirlər.
“Monoloq” iki-kanallı video-filmdir. Çox vaxt onu Neşatın avtobioqrafik əsəri olduğunu sanırlar, onun iki dünya arasında – haradasa Şərqlə Qərbin, ənənə ilə müasirliyin arasında qalmış şüurunu əks etdirən film kimi qəbul edirlər. İki dünya arasındakı simvolizmi vurğulayan filmin ana xətti memarlıq üzərində qurulmuşdur və bu konsept, məncə, Azərbaycanın və ələlxüsus Bakının bugününə çox münasib gəlir. “Keçid” isə gözəl ifasına görə, bəstəkar Filip Qlassın təntənəli musiqisinə görə, simvolizm və ZərdüştlükXII köklərinə görə bu sərgiyə çox uyğun gəlir. Ümidvaram ki, bu amillərin hamısı tamaşaçını maraqlandırıb özünə cəlb edərək, layihənin ümumi məqsədinə cavab verəcəklər – mümkün qədər interaktiv və bununla yanaşı, güclü təsisat standartlarına qarşı hörmətcil olmaq, ənənələri qorumaq vəzifəsi ilə uzlaşacaqlar.
Bu gözəl layihəyə qatılmaq mənə, həqiqətən, zövq verdi və mən bu cür inanılmaz komanda ilə birlikdə çalışmağımı mümkün etmiş YARAT-a və onun təsisçisi Aida Mahmudovaya öz minnətdarlığımı bildirirəm. Fotosu çəkilən layihə iştirakçılarımızdan tutmuş, bizə çəkiliş və müsahibələrin təşkilində köməklik göstərən adamların hamısına təşəkkür edirəm. Nyu-Yorkda isə “Gladstone” Qalereyası, Barbara Qladstoun, Karolina Lüs, “Griffin Editions” Nəşriyyatı və Barri Frier bu sərginin əsərlərini inanılmaz qədər qısa vaxt ərzində başa çatdırmağımızda bütün imkanları ilə bizə köməklik etdiklərinə görə təşəkkürümüzü qazanıblar. Bu, sanki, qeyri-adi və yaddaqalan bir səyahət olmuşdu.
Mən, həmçinin, hamıdan öncə Şirin Neşata çoxsağol deməliyəm – bu layihə təklifini qəbul edərək mənə inandığına görə. Mən bu sifarişlə bağlı Şirinə müraciət etdikdə ona sadəcə öz təxminlərimi təsvir etmişdim, o isə, lap dünyaya övlad gətirən bir ana kimi, bizim xəyal etdiklərimizi gerçəkləşdirib ərsəyə gətirə bilmişdi. Axırda öz komandama da təşəkkürümü bildirirəm: Dalia Bayazid, Fərəh Rəhim İsmayıl, Benji Viedemann, A Plus B studio-da çalışan Nataşa Fielding və David Bhalla, Exhibit A-da çalışan Endryu Stramentov – bunların hamısı mənim layihə kuratoru kimi işimin mühüm hissəsini təmin etmişdilər. Bu gün YARAT-ın daimi kolleksiyası YARAT Müasir İncəsənət Mərkəzinin kurator-direktoru Suad Qarayeva tərəfindən nümayiş üçün açıq elan edilir və belə gündə bu məkanının təntənəli açılış mərasiminə “Gözlərimin Evi” sərgisi ilə qatılmaq bizimçün şərəfdir. YARAT-ın bu ecazkar təşəbbüsünü alqışlayıram, gələcək fəaliyyətində böyük nailiyyətlər və uğur arzulayıram, bu layihədə göstərilən qonaqpərvərliyinə görə təşəkkürümü bildirirəm.
Dina Nasser-Xadivi Kurator