12 Apr - 30 Apr 16
Elturan Məmmədov (D. 1990, Azərbaycan)
Çobanın Yuxusu, 2016
Parça üzırində çap, 200 x 150 cm
Uşaqlıq yaddaşı ən güclü və təsirli olduğu danılmaz faktdır. Uşaqlıqda deyilən sözlər, oynanılan oyunlar, öyrədilən şeirlər ən yaddaqalandır və şüur altına həkk olur. Bəzən, təxəyyülü inkişaf etmiş uşaqlar hər şeyi vizual yaddaşda canlandırır və bu xatirələri ömür boyu özləri ilə daşıyırlar. “Çobanın yuxusu” şeiri gənc rəssam Elturan Məmmədovun hələ uşaqlıq vaxtında ən sevimli şeiri olmaqla, şüurunda vizuallaşmışdır.
“Çobanın yuxusu” instalyasiyasının əsas ideyası yayda Azərbaycanın dağlıq regionlarında yaşayan insanların yorğanla yatmasından qaynaqlanmışdır. Rəssam Oğuz rayonunda bir səhər yuxudan oyanarkən üstündəki yaşıl yorğanı Böyük Qafqazın dağlarına bənzədir və bu bənzətmə üzərində işləyərək yaratmaq qərarına gəlir. Yaylaqlarda çobanlar mal-qara sürüsünü otarmağa aparanda onların tütək sədaları altında ən sevimli məşğuliyyəti dağın başından gözəl mənzərəni seyr etməkdir. Elturan həmin təəssüratları yaradıcılıqla birləşdirərək “Çobanın yuxusu” əsərini yaratmışdı.
PapaBaba, 2016
Instalyasiya
Sovet yatağı, iki 2 kanallı video
Elturan Məmmədovun YARAT Rezidentlərinin yekun sərgisi üçün təqdim etdiyi “Papa Baba” adlanan ikinci instalyasiyanın əsas konsepsiyası Türk-Rus münasibətləri, Azərbaycanda bu münasibətlərin necə qarşılandığı və bu iki dövlətin ölkəmizin sosial həyatına, mədəniyyətinə necə təsir etməsi ilə bağlıdır.
Video Elturan Məmmədovun XX əsrin sonlarından Azərbaycanın əhalisinin siyasi, sosial, mədəni və iqtisadi tərəfdən bu dilemmaya məruz qalmasına olan yanaşmasıdır.
Bir neçə müstəqil hissələrdən ibarət olan instalyasiya iki səssiz və iki səsli videodan və eyni sözün iki müxtəlif dildə olan mənalarının vizual olaraq açıqlamasından ibarətdir.
Rəssam öz yaradıcılığında siyasi mövzuların araşdırır və ictimai problemləri rişxənd formada çatdırmağa üstünlük verir.
Qvantsa Cişkariani (D. 1991, Gürcüstan)
“Saxta mallar” sözü əsl istehlak məhsullarına bənzədilərək yaradılan saxta malları təsvir edən termindir. Qvantsa Cişkariani bu termindən Azərbaycanda məşhur estetik seçimlər və süni şəkildə tətbiq edilmiş mədəni göstəricilərin birləşməsini təsvir etmək məqsədi ilə əsərində istifadə etmişdir. Rəssam əsərlərinin adını Amerikansayağı həyat tərzini əks etdirən və onun saxta dəyər sistemini incə yumorla tənqid edən “Simpsonlar” cizgi filmindən götürmüşdür. Rəssam kütlə mədəniyyətinə qarşı olan bu istehzalı yanaşmanı öz tərzinə çox yaxın görür və beləliklə, oxşar istehza çalarlarına sahib əsərlər təqdim edir.
Sən itləri, yoxsa arıları sərbəst buraxarsan, ya elə ağzında arılar olan itləri hürdürüb arıları azad edərsən? 2016
İnstalasiya. Şüşə boruları, ləçəkli çay, ləkələr, süni güllər, işıq qutusu
“Sən itləri, yoxsa arıları sərbəst buraxarsan, ya elə ağzında arılar olan itləri hürdürüb arıları azad edərsən?” əsəri işıqlı reklam lövhəsi üzərində qoyulmuş öz-özünə bərkiyən gil yarımkürələrə batırılmış şüşə test borucuqlardan ibarət instalyasiyadır. Bu borucuqlar rəngli maddələrlə doldurulub və gil yarımkürələr dinamik bəzək əşyaları ilə bəzədilmişdir. Rəssam əsərində həqiqi olanla həqiqəti təqlid edən arasında çaşqınlıq yaratmaq məqsədilə saxta və təbii materialları üst-üstə qoyur və yemək dadlıqları, çay yarpaqları, piqmentlər, o cümlədən plastik toplar və saxta orxideya çiçəklərindən ibarət inanılmaz kombinasiyalar və sistemlər yaradır. Bu yolla o, simulyasiya, saxta çiçəklər, müqəvva heyvanlar və bəbir zolaqları ilə ovsunlanmış mahiyyəti insanların diqqətinə çatdırır.
Bəlkə də əxlaq yoxdur. Bəlkə də bu, olub keçən cəfəngiyatdır, 2016
İnstalasiya
Polietilen lenti, dəvə-formalı zinət əşyaları üçün minalı qab
“Bəlkə də əxlaq yoxdur. Bəlkə də bu, olub keçən cəfəngiyatdır” sənət əsəri yerə sərilmiş polietilen plyonka üzərində təsadüfən cavahirat qutusu olduğu ortaya çıxan mina daşından düzəldilmiş dəvə heykəlindən ibarətdir. Polietilen plyonka şəhərin gələcək görüntüsü üçün metafora kimi istifadə olunan bir görüntünü nümayiş edir. Bu şəffaf, steril, süni və boğucu materialdan seçilmişdir və daşlar üzərində salınan parkları olan şəhərin gələcəyindən xəbər verir. Bununla belə, əsərin adından da göründüyü kimi, bəlkə də bu, sadəcə üstündə dəvə fiquru ola polietilen plyonkadır.
Sürətli rahatlama (Fastrelax), 2016
Video instalasiya
Ekran, stul, dəmir zəncirlər, 3 dəqiqəlik video
Sürətli rahatlama (Fastrelax) taxçada qoyulan video instalyasiyadır və elə vəziyyətdə qurulub ki, videonu görmək istəyən şəxs ekrana çox yaxın olmalıdır. Videoda, çox güman ki, rahatlamaq üçün istifadə olunan standart təbiət süjetləri göstərilir. Amma, bu süjetlər çox sürətlə irəliləyir və ekrana çox yaxın qoyulduğu üçün ona baxan şəxs göstərilən süjetin nədən bəhs etdiyini, çətin ki, anlaya bilə; o ki qaldı, bu sürətləndirilmiş və süni ssenariylə rahatlasın. Bu instalyasiya belə bir sosial fikir yürüdür ki, hadisə və əşyalara çox bağlılığı olan insanlar, onları təhlil etmək və nə olduğunu bilmirlər.
Vaciko Çaçxiani (D. 1985, Gürcüstan)
Biz uzaqlara gedirik, öndə sən, 2016
Video, 3 dəq.
Vaciko Çaçxianinin “Ən son tutuna biləcəyim - nəzakətli sözlərindir” əsəri sənətçinin kinematoqrafik məkanda varlıq və yoxluğa dair poetik izahını təsvir edir. Əsər, bir zamanlar ailə evi olan və hələ də əvvəlki sakinlərindən qalmış əşyalarla dolu olan ARTIM məkanına uyğun olaraq eyhamlarla işlənmişdir. Adın özü sərgidə olmayan bir əsərin adından götürülmüşdür; həmin əsərin yalnız adı onun varlığından xəbər verir.
“Biz uzaqlara gedirik, öndə sən” adlı video çarxda işlənməmiş yeddi tonluq bazalt daşlar müəyyən fasilə ilə bir-birinin üstünə düşürlər. Video çarx real vaxtdan iyirmi dəfə yavaş sürətdə çəkilmişdir. Sənətçi fiziki ağırlığa sahib bir şəklin insan ruhunun həssaslığı üçün bir metafora kimi işləndiyi qeyri-ahəngdar bir ssenari qurur. Karxanadan yeni çıxarılmış bu xam bazalt daşları daha sonra memarlıqda istifadə üçün işlənilir. İnteryeri və eksteryeri bu daşlarla bəzədilmiş evlərdə ailələr, fərdlər yaşayacaq və bərkə-boşa düşən və düşməyən insan həyatları yaşanacaqdır.
Hər iki sonluq, kölgələr və güzgülər, 2016
Yaşıl ləkələr, müxtəlif ölçülər
“Hər iki sonluq, kölgələr və güzgülər” əsəri döşəmədə boya izindən ibarətdir; bariz ahəngi ilə müəyyən xoreoqrafiyaya sahib olan və hazırda mövcud olmayan bir varlıq. Bu əsər əslində sərginin açılışından əvvəl ictimai baxışı olmayan tamaşanın qalığıdır. Çaçxiani bu əsərin ərsəyə gəlməsi üçün köhnə bir evdə yaşayan yaşlı bir kişi ilə əməkdaşlıq etmişdir, yaşlı kişi stulda oturmuş və sənətçi şəxsin üzərindən boyanı tökmüşdür. Bu boya sənətçinin Gürcüstanın tərk edilmiş bir kəndində hasarı qaşıyaraq topladığı boyadır.
Amma ah mənim düşmənlərim və ey mənim dostlarım, 2016
Mum şamı, 15x2 sm
“Amma ah mənim düşmənlərim və ey mənim dostlarım” Edna Seynt Vinsent Milleyin şeirindən götürülmüş ifadədir. Vaciko Çaçxiani şeiri tamaşa tərzi instalyasiyaya çevirməyə cəhdlər edir. Milleyin bu kəskin mətnli şeiri sürətli, təhlükəli və həyəcanlı həyat tərzi haqqındadır. Amma Çaçxianinin heykəltəraşlıq əsəri poeziyanın məğzini çevirməyin qeyri-mümkünlüyü və bu çevirmə cəhdindən doğan yeni məğz haqqındadır.
Lük Börton (D. 1989, Böyük Britaniya)
Fəvvarə Araşdırmaları üçün Çiy Layihələr, 2016
HD video, 14 dəq.
Lük Börtonun “Fəvvarə araşdırmaları üçün çiy layihələr” videosu Bakının bir neçə yeni inşa edilmiş və şəhərin demək olar ki, bütün meydan və parklarında quraşdırılan neoklassik fəvvarələrdən bəhs edir. Bu fəvvarələr Bakının müasir urbanistik inkişafını və daimi dəyişən mənzərəsinin simvoludur.
Rəssamın yaradıcılığının əsas istiqamətlərindən biri lokal dekorativ elementlərin müasir incəsənətdə təzahür etmə problemlərinin tədqiqatıdır. Bu xarakterik amil Börtonun “Fəvvarə araşdırmaları üçün çiy layihələr” videosunda özünü büruzə verir. Video şəhəri təşkil edən tarixi modelləri, o cümlədən, urbanistik mühitdə istifadə olunan şəhərin eyniləşdirmə formasını müəyyənləşdirən dekor simasını tədqiq edir. O, illər boyu təkrar olunan, bir növ formanı qoruyub-saxlayan, müəyyən memarlıq motivlərinin arxetipik mahiyyətini və bu konkret təkrarlara yol verən mədəni şəraiti araşdırır.
Müasir dünyada sosial və mədəni sahələrdə qlobal dəyişiklilklər baş verir. Şəhər məkanı - sosial-mədəni transformasiyaların toplandığı ərazi, bu proseslərin ifadəçisi qismində, müxtəlif submədəniyyətləri birləşdirən xüsusi sosium kimi çıxır edir. Şəhər məkanına olan semiotik yanaşma “şəhər – mədəni informasiyanın daşıyıcısı və yayımçısıdır” postulatı üzərində əsaslanır.
Şəhərin məkanı isə təkcə fiziki mühitin dəyişməsi yox, informasiya mənbələrinin dəyişməsi, yeni mədəni mühitə keçid deməkdir.
Zamir Süleymanov (D. 1987, Azərbaycan)
Qürur, 2016
6 plastik lambirin təyyarələri, hər biri 2x3 m
Üç kanallı Ağır Sözlər proyeksiyasında hər bir kanal şəhərdə gəzən daşla yüklənmiş bir yük maşınını təsvir edir. Bu maşınlarda daşlar elə düzülüb ki, onlar sözlər əmələ gətirir və bu sözlər nadir rast gəlinən deyil, çünki Yeni İl şənlikləri zamanı tez-tez bu maşınların sürücüləri bu daşlarla növbəti ilin tarixini yığırlar. Amma Süleymanovun video çarxındakı yük maşınlarında göstərilən sözlər “art” (sənət), “God” (Allah) və “sex” (seks) sözləridir. Əslində məna və mahiyyət etibarilə ağır olan və tarix boyu məğzini dəyişən bu sözlər hər bir yerə əbədi olaraq bağlı sözlərdir. Amma Azərbaycanda seks və Allah haqqında danışmaq tamamilə qadağan olunub və sənət haqqında çox cüzi danışılır. İngilis dilindəki bu üçhərfli sözlərin müqəddəs üçlüyü Qərbsayağı cəsarətlə şəhərdə dövrə vurur və demək olar ki, münaqişəyə sövq edir.
Ağır Sözlər, 2016
Üç kanallı video, 3 dəqiqə
Zamir Süleymanovun Ağır Sözlər işi sənətçinin vətəni Azərbaycanın sosial-mədəni reallığı ilə bağlı araşdırmalarını və şivə təcrübələrini sənətə daxil etmək cəhdlərini təqdim edir.
Qürur silsilə işlərində Zamir Süleymanov Azərbaycanda varvar münasibətə məruz qalan ictimai tualetlərdən ilhamlanmışdır. Yaxın zamanlarda təmir edilmiş bu tualetlər taxta lövhələrlə işlənmişdir, çünki ucuz və asan başa gəlir, amma plastikdən olduğu üçün onlar üzərində nişan qoymaq da rahatdır. Çox vaxt insanlar adlarını, telefon nömrələrini, rayonlarının adlarını və digər bu kimi, sənətçinin bu yazıları təsvir etdiyi şəkildə desək, “onların qüruru” olan şeyləri bu plastiklər üstündə yandıraraq yazırlar. Zamir bu tendensiyaya işarə verir və müasir Azərbaycan cəmiyyətində hakim olan qayğıların/maraqların öyrənilməsi üçün texnika və materiallardan istifadə edir. Süleymanovun geniş taxta lövhələrində Azərbaycanın xəritəsi, Buta naxışı, Bakı-Tbilisi-Ceyhan boru kəməri, “Şuşa” sözü, Gülüstan və Türkmənçay sazişlərinin tarixləri yandırılaraq qeyd olunmuşdur. İlk baxışdan əhəmiyyətsiz görünən bu simvollar əslində geniş müzakirə mövzusudur və müasir Azərbaycanı formalaşdıran tarixi əhəmiyyətli hadisələrə, eyni zamanda ölkənin hazırda özünü necə tanıtmasına və təqdim etməsinə istinad edir.
Süleymanovun lövhələrindəki sadə konturlar Qobustandakı qaya rəsmlərini xatırladır. E.ə. XII-VIII əslərə aid olan bu qaya rəsmləri Azərbaycan ərazisinin qədim sakinlərinin həyatından əhəmiyyətli hadisələri təsvir edir və onların nailiyyətləri və qayğıları, inanc sistemi və gündəlik rejimlərindən söhbət açır. Süleymanov da oxşar estetik yanaşmadan istifadə edərək bəşəriyyətin qədim zamanlardan bu günə kimi öz varlıqlarını sübut etmək üçün fiziki nişanə qoymaq ehtiyacını təsvir edir.