27 Yan - 19 Mar 15
Marqret Ayher
Təsvirlər quruluşu
Qobelen sənəti ilk dəfə Homerin 'Odisseya'sında qeyd olunur. Ovidinin 'Metamorfozlar'ında isə qobelen üçün toxucu dəzgahlar və onların üzərində həkk olunmuş naxışlar da təsvir olunmuşdu. Səlib yürüşləri dönəmində avropalılar xalı istehsalı ilə yaxından tanış oldular; Şərq ustalarının qobelen və ya şpaler adlanan toxuculuq əsərləri də qənimət kimi buraya daşınıb-gətirilirdi. Şərq ölkələrində qobelenlər gündəlik həyata aid bir əşya idilərsə, Qərbdə onlar yeni bir anlama gələrək, zadəgan nəsil-nəcabətinin, zəngin sərvətin, hakimiyyətin, savadın rəmzi kimi qəbul edilirdi. Tədricən qobelenlər saray və qəsr bəzək-düzəyinin əsas elementinə çevrildilər. O vaxtın estetikasına uyğun olaraq, qobelenlər memarlıq mühitinin ayrılmaz tərkib hissəsi oldular və bu mühitdən kənarda təsəvvür edilə bilməzdilər. Onlar incəsənət əsərləri olsalar da, bədii təsvirlərindən asılı olmayaraq bir növ daşınan bəzək əşyaları kimi saray mədəniyyətində özünəməxsus yer tutdular – saray əhli qobelenlərin arasında daha möhtəşəm görünürdü.
Marqret Ayher qobelen sənəti üzrə ixtisaslaşan almaniyalı konseptual rəssamdır. O, informasiya əsrimizdə geniş yayılmış və hamıya tanış olan obrazları barokko obrazları ilə birləşdirən iri qobelenlərin müəllifi kimi məşhurdur. Onun qobelenləri, əsasən, çap və elektron formatda mövcud olan foto-jurnalizm və reklam obrazlarını əks etdirirlər. Müasir informasiya cəmiyyətimizin nişanələri müxtəlif mənbələrdən götürülmüş obrazların konseptual hala gətirilmiş piratlığı kimi həmin əsərlərdə təsvir edilirlər. Marqret Ayherin əsərləri yalnız ona xas olan tərzdə müasirliklə klassik irsin simbiozunu, sintezini, vəhdətini təqdim edirlər. Bu cəhət onun qobelenlərini bu gün olduqca yerinə düşən edir.
Onun sənətkar mövqeyi heç də yaradan şəxsin mövqeyi deyil, əsərin hədəfi olan şəxsin mövqeyidir. Hər-hansı mədəni və ya siyasi müddəanı təsvir etdikdə o, mövcud olan obrazlardan istədiyini seçib istifadə edir. Necə ki kollaj və montaj təsvirlərinin inkişaf dövrü XX əsrin əvvəllərinə təsadüf etmişdir, “iqtibas” da bir mədəni və bədii üsul kimi bizə elə o vaxtdan məlumdur. Marqaret Ayherin əsərlərində isə bu cür dırnaqarası “piratlıq”, rəssamın tənqidi və siyasi mövqeyini təşkil edir.
Media-qobelenlər.
Təsvirlərin rəqəmsal montajı və barokko üslubunun təsir gücü.
Bu iriformatlı barokko qobelenlərinin əsas mövzuları maraqlı media şəkillərindən, mətbuat fotolarından və informasiya cəmiyyətimizin digər təsviri nişanələrindən götürülmüşdür. Zamanın təsviri nişanələri isə ən müxtəlif mənbələrdən tanıdığımız obrazların konseptual pirat istifadəsindən yaranır. Rəssamlıq prosesi burada yaratmaq işindən uzaqlaşıb, götürüb-ötürmə bacarığına çevrilmişdi – mövcud əsərlərin inçindən istədiyini seçərək ondan yararlanmaq sayəsində müəyyən mədəni və ya siyasi fikri irəli sürmək sənətinə dönmüşdü. Bu cür yararlanma rəssamın konseptual əməli olan kollaj və montaj vasitəsilə gerçəkləşir.
Onun tənqidi və siyasi mövqeyi də elə burada qərarlaşır.
Qobelenlər rəqəmsal texnologiyalara əsaslanan toxuma metodu ilə istehsal ediliblər. Bunlar “əsl” qobelen deyillər, sadəcə, bəzi “saxta” nümunələrin tənqidi əks-sədasıdırlar – vaxtilə klassik qobelenlər diyarı olmuş Belçikanın sənaye obyektlərində hazırda istehsal olunan müasir suvenir oxşatmalarına işarə vururlar.
Tarixi təsvirlərlə müasir obrazların ziddiyyətli birləşməsinin məqsədi – bu şəkillərin təsir güçünü təhlil etmək, bir də mürəkkəb əhəmiyyət kəsb edən dünya görüntülərinin şifrələnmiş mənalarını araşdırmaqdır. Müasir obrazları təqdim edən barokko qobelenləri qlobal əlaqələr qurmuş siyasət, sahibkarlıq, şou-biznes və idman “əlahəzrətləri”nin “feodal cəmiyyət”i fenomeninə qarşı zərif və ironik tənqid hissi doğururlar.