BAKI MÜASİR İNCƏSƏNƏT MUZEYİ ÇİNGİZ BABAYEVİN FƏRDİ SƏRGİSİNİ TƏQDİM EDİR

05 May - 06 May 14

6 May saat 19:00-da Müasir İncəsənət Muzeyində azərbaycanlı rəssam, heykəltaraş, dizayner, şair, fəlsəfəçi və nəzəriyyəçi ÇİNGİZin “Gerçək mənalar” adlı fərdi sərgisinin açılış mərasimi keçiriləcəkdir. 
ÇİNGİZ, yaradıcılığında müasir konseptual incəsənətdə fəlsəfi və nəzəri araşdırmalarına əsas yer vermişdir. Sərgidə iyirmiyə yaxın müxtəlif tərzdə və materiallarda icra olunmuş yeni əsərlər nümayiş olunacaq. 

ÇİNGİZ, Ə.Əzimzadə adına Rəssamlıq məktəbini və Мirzə Ağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetinin heykəltaraşlıq fakültəsini qırmızı diplomla bitirmişdir. Hələ tələbəlik illərindən heykəltaraşlığı və rəngkarlığı mükəmməl öyrənməyə çalışan ÇİNGİZ, müxtəlif material və texnikaları öyrənib. Onlardan istifadə edərək, öz fikirlərini ifadə etmək imkanlarını araşdırmağa cəht göstərib. Kollaj, «street art» (küçə incəsənəti), instalyasiya (quraşdırma), performans (qısa tamaşa), video art və sairə texnikalardan istifadə edir. Eksperimentlərin nəticələri artıq müvəffəqiyyətlə həm vətəndə, həm də xaricdə sərgilənməyə başlayıb. 

1986-cı ildən etibarən müxtəlif beynəlxalq sərgi, simpozium, biennale, konfranslar və sairə mədəniyyət tədbirlərində iştirak edir. 
1996-cı ildə « ARTS etc...» Мüasir Мədəniyyət Мərkizini rəsmi olaraq yaradır və bu mərkəzin rəhbəri kimi bir neçə müddət fəaliyyət göstərir. 
1997-ci ildə ÇİNGİZ Londondakı “The Madame Tussauds” mum fiqurları muzeyinə heykəltaraş kimi 3 illik işləməyə dəvət olunur. 
2007-ci ildə Azərbaycan ilk dəfə 52-ci Beynəlxalq Təsviri Sənət Sərgisində Venesiya Biennialisində “OMNIA MEA” adlı layihə ilə iştirak edir. 
ÇİNGİZin əsərləri müxtəlif ölkələrdə nümayiş olunub və şəxsi kolleksiyalarda saxlanılır. Bunlardan Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, Almaniya, Avstriya, İtaliya, İsveçrə, Norveç, Finlandiya, Polşa, Vyetnam, Estoniya, Yunanıstan, Ukrayna, Dominikan Respublikası, İsveç, Qırğızıstan kimi ölkələrin adlarını sadalamaq olar.

Sərgi 31 maya qədər davam edəcəkdir.

Giriş 5 AZN-dir.

MAY 5, 2014

Yüklənir