Şəlalə Salamzadə (Bakı, Azərbaycan) rəssam və çoxşahəli dizaynerdir. O, 2016-cı ildə Bakıda Qərb Universitetinin dizayn fakültəsini bitirib. Həmin ildə rəqəmsal incəsənət sahəsində təcrübələrə başladı və bir il sonra YARAT Müasir İncəsənət Məkanının kuratorluq kursuna qatıldı. Kursun nəticəsi olaraq ARTIM Layihə Məkanında keçirilən "Rebirth.exe" adlı kuratorluq layihəsində həm kurator, həm də rəssam kimi iştirak etdi. Onun Bakıda YAY qalereyasında "Üfun, var zənn etdiyin yoxdur aləmdə, üfun, hər nə yoxsa, vardır dünyada…" adlı qrup sərgisində nümayiş edilən, fosfor və küldən hazırlanan "Feniks" əsəri, gender və sosial məsələlərini vurğulayırdı.

O, 2018-ci ildə ARTIM Lab bir illik layihəyə qoşulduqdan sonra, incəsənət fəaliyyətini davam etdirdi. Layihə çərçivəsində video və rəqəmsal sənət nümunələri ilə müxtəlif sərgilərdə iştirak etmişdir. Rəssamın Azərbaycan şeiriyyatı və kompüter sənətinin birləşməsini əks etdirən "Kainatın poeziyası" adlı videoinstalyasiyası "Nəsimi" festivalında nümayiş etdirilib. ARTIM Lab layihəsinin qalibi seçilərək o, hal-hazırda YARAT Müasir İncəsənət Məkanının rezidentidir.

Yüklənir