ÜMUMİ

YARAT Müasir İncəsənət Məkanı (Bakı, Azərbaycan) ilə Maraya İncəsənət Mərkəzinin (Şarja, BƏƏ) birgə əməkdaşlığına əsaslanan mübadilə proqramı çərçivəsində Amna Azərbaycana gəlib, 6 həftə ərzində YARAT Rəssam Emalatxanalarında art-rezident olub və onun bu art-rezident səfərinin bəhrələri indi sərgiyə çıxarılır.


RƏSSAMIN SÖZÜ:

Meteorologiya, ələlxüsus da külək mövzusu Amna Əl Dabbağın yaradıcılığına xas olan bir mövzudur. İlboyu küləkli keçən havasına görə keçmişdə “Badi Kubə”, yəni “Küləklər şəhəri” adlanan Bakıya da onu gətirən məhz külək həvəsidir. Yerli əsatirləri araşdırdıqdan və Hidrometeoroloji Proqnozlar Bürosunu ziyarət etdikdən sonra, Amna VASİTƏÇİ | MƏHV EDƏN | CANLANDIRAN instalyasiyasını ərsəyə gətirdi.
İnstalyasiyada külək üç halda təsvir olunur: vasitəçi kimi, dağıdıcı kimi, bir də yenidən canlandıran, oyanış gətirən bir qüvvə kimi. Bir çox mədəniyyətlərdə, o cümlədən Azərbaycanın mədəniyyət ənənəsində, külək bir-birindən uzaq düşmüş adamlar arasında vasitəçi, insanlara doğru yolu tapmağa kömək edən bələdçi kimi təqdim olunarmış. Türk əsatirlərində isə külək, əsasən, zəmiləri-bağları viran qoyan, insanları qaçırıb-aparan mənfi qüvvə kimi göstərilir. Lakin İslam dini Azərbaycana gəlməmişdən əvvəl, burada Novruzla bağlı poeziya cərəyanı yarandı. Bu şeirlər küləyi, əsasən, təbiəti oyadan, canlandıran qüvvə kimi göstərdi. Novruz Bayramı ərəfəsində keçirilən külək (yel) çərşənbəsində də adamlar küləyi təbiətin digər üç elementini (su, od və torpaq) hərəkətə gətirən qüvvə kimi tərənnüm edirlər. Yəni külək (yel) artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir. Külək gözə görünməyən elementdir – onun əsərək tərpətdiyi maddələrin hərəkətindən başqa heç bir şəkildə onu görmək mümkün deyil. Sərgi ekspozisiyasında rəssam küləyin mahiyyətini parça-qumaş vasitəsilə əks etdirib. 

Yüklənir