SAFEZONE (TƏHLÜKƏSİZ ZONA) Qrup sərgisi
Lali Binyatova, Nadir Eminov, İslam Həsənəlizadə, Katya İqoşina, Pərviz Kazımlı, Leylaxanım Qənbərli, İlkin Quliyev, Maksim Tatarintsev
Sərgi öz ilhamını fransız filosofu Mişel Fuko tərəfindən mühazirə üçün işlənib hazırlanmış Digər məkanlar haqqında: Utopiya və heterotopiya (1967) adlı konsepsiyadan götürüb. Heterotopiya (hetero - digər, topos - yerlər) bir məkan daxilində xüsusilə ziddiyyətli və dəyişən, fərqli sayılan bir məkan kimi təsvir edilir. Mişel Fukonun fikrincə, utopiyalar, prinsip etibarilə, gerçək yeri olmayan və cəmiyyəti ideal formada təmsil edən yerlərdir. Bununla yanaşı, bəzi yerlər utopiyalara ziddir: böyük ehtimalla, hər bir mədəniyyətdə, hər sivilizasiyada həqiqi yerlər — həqiqətən mövcud olan və cəmiyyətin təməl daşını formalaşdıran yerlər var; onları bir növ “əks-ərazilər”, hardasa, effektiv şəkildə həyata keçirilmiş utopiya adlandırmaq olar.
Konsepsiyanın prinsiplərindən biri, böhran heterotopiyası adlanır və böhran vəziyyətində ola bilən cəmiyyət üzvləri üçün ayrılmış yerlərdən bəhs edir. İncəsənətin böhran dövrlərində sığınma yollarından biri olduğunu nəzərə alsaq, bu kontekstdə, qalereya məkanı heterotopiya ilə müqayisə edilir.
Ümumi qeyri-müəyyənlik və get-gedə azalan təhlükəsizlik şəraitində sığınacaq və ev anlayışları efemerik xüsusiyyətlər əldə edib: insanlar bir göz qırpımında öz başlarının üzərində damı itirirlər. SAFEZONE — rəssamların yaddaş, yerdəyişmə, paklanma, virtual aləm və zaman kimi müxtəlif kontekstlərdə təfsir etdiyi reallıq və paralel utopiya arasındakı məkana istinad etməklə, sığınacaq və ev kimi ambivalent anlayışlarını araşdırır və müxtəlif sığınacaq formalarını təklif edir.
ƏSƏRLƏR
Lali Binyatova
Bratsk, 2022
Fotosilsilə, müxtəlif ölçülər
Video, 05:00 dəq.
Rəssamın icazəsi ilə
Lali Binyatovanın Bratsk fotoqrafiya layihəsi yerdəyişmədən qaynaqlanan düşüncələrin nəticəsidir. Müəllif qəflətən qeyri-ixtiyarı doğma şəhərindən köç edir və yeni şəhər mühitinə adaptasiya olmağa məcbur qalır. Bu dönəmdə yaddaş və xatirələr onun sığınma məkanına çevrilir. Ekspozisiya rəssamın iki emosional etapını ehtiva edir: keçmişin melanxoliyası və onunla üzləşəndən sonra acılı-şirinli ümid hissi.
Leylaxanım Qənbərli
Üzləşmə, 2018
Videoinstalyasiya, 05:11 dəq.
Rəssamın icazəsi ilə
Ölüm qorxusu ilə yaşayan qadın rəssam avtoportret rəsmlərində bu hissi şüuraltı ifadə edərkən, bir tərəfdən də bu qorxudan qaçmağa çalışır. Bir gün ayna qarşısında öz portretini çəkərkən, əsərin sonlarına doğru təsvir etdiyi simanın özününkündən çox fərqli olduğunu və gözlərinin ona baxdığını görüb rəsmdən uzaqlaşır. Bu zaman rəssam xəyali dünyaya keçid edir...
Nadir Eminov
Okay bumer, 2022
Televizor, qranit
50 x 50 x 50 sm
YARAT-ın sifarişi ilə
İlkin Quliyev
Adsız, 2021
Fotokağız üzərində rəqəmsal çap
60 x 80 sm
Rəssamın icazəsi ilə
İlkin Quliyevin fotosu Essen şəhərində karantin rejiminin sərt qaydaları zamanı çəkilib. Natürmort janrında çəkilən foto, gündəlik məişət əşyalarını təsvir edir. Müəllif üçün pandemiya təhlükəsinin və yeni normaların gətirdiyi yadlaşma hissi, aidiyyətsizlik hissi ilə müşayiət olurdu. Öz evində qapalı qalsa da, özünü doğma evində hiss edə bilməyən rəssam, təkbətək əşyalar ətrafında qalaraq, bu səssizlikdə yeni nəfəs tapır və ən sıradan olanı fərqli görməyə başlayır...
Pərviz Kazımlı
Axıb gedən günlərimiz, 2022
İnstalyasiya, qarışıq texnika
Məkana uyğun ölçülər
YARAT-ın sifarişi ilə
Axıb gedən günlərimiz əsəri Pərviz Kazımlının yeni texnika ilə eksperimentidir. Onun yaradıcılığında tez-tez keçmişin analizini və indiki zamana təsirini görmək olar. Bu əsərdə, rəssam zaman müstəvisindən çıxış edərək, həyatın sürətli dəyişməsi və onun artan təzyiqini araşdırır. Üzərimizə aşan divardakı yazı zaman və məkan anlayışından çıxaraq, süni məkan yaradır və bizi bir anlıq paralel zamana aparır.
Maksim Tatarintsev
Fulkrum, 2022
2-kanallı video, arxiv videomaterialı
15:04 dəq.
Rəssamın icazəsi ilə
“Fulkrum” əsərinin əsas motivini rəssamın İkinci Dünya müharibəsi nəticəsində 1942-ci ildə Bakıda məskunlaşmış ailəsinin video arxiv materialı təşkil edir. Rəssamın müxtəlif ailə nümayəndəsi geosiyasi böhran və müharibələr nəticəsində bir neçə dəfə yerdəyişməyə məcbur qalıb. Hal-hazırda Maksim də ailəsinin acı ənənəsini bir daha yaşayaraq, Bakıda məskunlaşıb.
Əsərdə istifadə olunan arxiv video 1960-cı illərdə çəkilib və Bakının tanış məkanları ilə birgə Maksimin ailəsinə aid hadisələri özündə əks etdirir. Rəssam 60 ildən sonra bir vaxtlar doğmalarının gəzdiyi həmin əraziləri çəkərək, keçmişlə əlaqə yaradır və bu yolla kollektiv yaddaşı yenidən konstruksiya edir.
Katya İqoşina
Yaddaşda kifayət qədər yer yoxdur, 2022
Silsilə, kağız üzərində akvarel, yod
51 ədəd, hər biri 21 x 29,7 sm
YARAT-ın sifarişi ilə
“Yaddaşda kifayət qədər yer yoxdur” rəssamın baş verənlərə refleksiyasıdır. Qəflətən alışan müharibəyə görə, təhlükəsizlik axtarışları məqsədilə doğma ölkəsini və insanlarını qoyub, yad yerə köçən rəssam, öz şəxsi travmatik təcrübəsini kollektiv müstəvidə analiz edir və bir növ yaddaşı vasitəsilə doğma insanların simasında onlarla əlaqəni qurmağa çalışır. Əsəri hazırlamaq prosesində şüuraltı ilə dərin təmasa girərək, o özü üçün gözlənilməz əlaqələri kəşf edir. Doğma simaları yada salmaq asan olsa da, hərdən sanki yaddaş onu tələyə salır və obrazlar ondan asanlıqla gizlənir. Rəssamın istifadə etdiyi material da təsadüfi deyil: yoddan boya kimi eksperiment edərək, o, sanki yaranı dezinfeksiya və şəfaverici xüsusiyyətləri metaforik olaraq prosesə ötürür.
İslam Həsənli
Yumşaq iz, 2022
Polimer süngər, qarışıq texnika
Məkana uyğun instalyasiya
YARAT-ın sifarişi ilə
İri həcmli instalyasiya rəssamın ironik və qrotesk yanaşması ilə, sığınacaq anlayışını təhrif etmək cəhdidir. Rəssam ilbiz çanağını sənaye obyekti kimi qeyri-real formada yaradaraq, sığınacaq çanağına giriş qoymayıb. Rəssam təbiətlə sünini qarşı-qarşıya qoyur və əsərin yumşaqlığı rahatlıq hissini versə də, hər an dağılacağı ziddiyyətini da vurğulayır.
RƏSSAMLAR HAQQINDA
Fotoqraf Lali Binyatova (d. 1999, Bratsk, Rusiya) öz layihələrində şəxsi hekayələr, gündəlik müşahidələr və ictimai araşdırmalardan istifadə edərək, əsərlərinin mərkəzi olan insanı təhlil edir. 2022-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan “Azərbaycanfilm” Kinostudiyasının “Interact Film Lab” layihəsində kinooperatorluq, kinorejissorluq və ssenari yaradıcılığı kurslarını bitirmişdir. O, bir sıra yerli və xarici sərgilərdə iştirak edib: Bursa Foto Festivalı (Türkiyə, 2021), Kolga Foto Festivalı (Tbilisi, Gürcüstan, 2022), Fotoqrafiya üzrə rezidensiya proqramı (Poti, Gürcüstan, 2022), “Fotoqrafiyada qadınlar”, (Bakı, 2022), “Perspektivlər palitrası” (Tbilisi, Gürcüstan, 2022), “Qara gündəlik”, fərdi sərgi (Salaam Cinema, Bakı, 2021), “Monoxrom: Sarıdan yaşıla” (Bakı Fotoqrafiya Evi, 2021), “İnsanlar, onların evləri və ətraf mühit” fototəqdimatı (Bakı Fotoqrafiya Evi, 2021). Lali Binyatova “F3.7” Fotoqraflar Birliyinin üzvüdür.
Nadir Eminov (d. 1990, Sumqayıt) 2017-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” fakültəsini magistr dərəcəsi ilə bitirib. O, heykəltəraşlıq fəaliyyəti ilə yanaşı, instalyasiyalar da yaradır. Əsərləri çoxşaxəli mövzu diapazonuna malik olmaqla, insan və kainat, insan təfəkkürü və fantaziyaları mövzularını əhatə edir. Rəssam bir sıra sərgi və layihələrin iştirakçısıdır: “Rahat keyləşmə” sərgisi (ARTIM, 2016), “ARTIM” sərgisi (YARAT-ın alternativ məkanı, 2014), “Tullantından sənətə” Beynəlxalq sərgisi (Bakı, 2014).
İslam Həsənəlizadə (d. 1988, Bakı) 2011-ci ildə Azərbaycan Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” fakültəsini bitirib. Yaradıcılığının əsas mövzuları: insan, onun daxili aləmi, fiziki və mənəvi konflikt, seksuallığın estetikası, ehtirasları ilə mübarizə aparan insanın psixoloji portreti, ətrafdakı reallıqla qarşılıqlı əlaqə. Rəssam heykəltəraşlıq simpoziumları və qrup sərgilərində iştirak edib: Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş simpozium (Eko-Park Zirə, 2021), “Ədəbiyyat xəzinəsi” (Heydər Əliyev Mərkəzi, 2018), “Uzaq üfüqlər” (ARTIM, Bakı, 2017), “Tullantıdan sənətə” Beynəlxalq sərgisi (Bakı, 2016)
Katya İqoşina (d. 1991, Moskva) 2014-cü ildə S. Stroqanov adına Moskva Dövlət Bədii-Sənaye Akademiyasının “Dəzgah qrafikası” bölməsini bitirib. 2017-2018-ci illərdə İ.Bakşteyn adına Müasir İncəsənət İnstitutunda təhsil alıb. Öz layihələrinin əsasını şəxsi travmalar və insanların qeyri-ixtiyari iştirakçı olduğu kollektiv hadisələr təşkil edir. Belə hallarda hadisələr sanki kənardan qəbul edilir və onları idarə etməyin mümkünsüzlüyü hissi daima bizi müşayiət edir. O, bir sıra qrup sərgilərin və layihələrin iştirakçısıdır, o cümlədən: Rusiya Mədəniyyəti Forumu “SlovoNovo” (Budva, Monteneqro, 2021); “Qrafiya” sərgisi, Mədəni İnnovasiyalar Mərkəzi (Kaluqa, Rusiya, 2021); MOST aktual incəsənət festivalı (“Elmat” incəsənət məkanı, Kaluqa, Rusiya, 2020), “A portret povesim zdes” onlayn sərgisi (“Zdes” qalereyası, Moskva, Rusiya, 2020), “Velikaya kommunalka” layihəsi (İncəsənət gecəsi, “Tsaritsıno” Dövlət Muzey-Qoruğu, Moskva, Rusiya, 2019) və s. Katya İqoşinanın əsərləri Rusiya, Fransa və İspaniyanın şəxsi kolleksiyalarında saxlanılır. O, Rusiya Rəssamlar İttifaqının üzvüdür.
Pərviz Kazımlı (d. 2000, Bakı) 2017-2021-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “İnteryer dizayn” fakültəsində təhsil alıb. 2018-ci ildə Pərviz özündə kollaja olan marağının fərqinə varır və Henri Matiss, Pablo Pikasso, Vadim Voinov, Marsel Düşan və Hanna Höxdan ilhamlanaraq yeni yaradıcılığa start verir. 2020-ci ildə Pərviz Kazımlı 2 sənətçi dostu ilə birgə “Modern Trinity” yaradıcı birliyinin əsasını qoyur və hal-hazırda orada əsas rəssam kimi fəaliyyət göstərir. “Modern Trinity”nin başlıca şüarı: “İncəsənət həmişə aktualdır”. Rəssam bu fəlsəfəni öz yaradıcılığında vurğulayaraq, akademizm kanonlarını rədd edir və müasir incəsənətin aktual mövzularına üz tutur. “Modern Trinity”-nin 2021-ci ildə İsmayıllı və Qəbələ şəhərlərində səyyar sərgiləri olmuşdur.
Leylaxanım Qənbərli (d. 1992, Bakı) Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində kinorejissorluğu bitirdikdən sonra, Anadolu Universitetindən kino və televiziya üzrə magistr dərəcəsinə yiyələnir. Tələbə olduğu vaxtdan, Leylaxanım bir sıra qısa film layihələrində rejissor, rəssam, ssenarist və aktrisa kimi çalışıb. Hal-hazırda, o, müstəqil rejissor kimi fəaliyyət göstərməklə yanaşı, eksperimental rəngkarlıq və kollaj əsərlər yaradır. Leylaxanım Qənbərli “Qəssabın qızı” (2021), “Kukla-kukla oynamaq” (2021), “Sanatoriya əzgiləri” (2022), “Böyük qırmızı ev” (2022) qısa filmlərin müəllifidir. Onun filmləri 52-ci Visions Du Reel Sənədli Film Festivalı, 5-ci DokuBaku Beynəlxalq Sənədli Film Festivalı, 9-cu Cinedoc Tbilisi Film Festivalı və digər yerli və xarici festivallarda nümayiş olunaraq, mükafatlandırılmışdır.
İlkin Quliyev (d. 1994, Bərdə) Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsini bakalavr dərəcəsi ilə bitirdikdən sonra, 2017-2022-ci illərdə Almaniyanın Folkwang Universitat der Künste-də fotoqrafiya sənəti üzrə bakalavr təhsili alıb. Hazırda isə həmin universitetdə fotoqrafiya nəzəriyyəsi üzrə magistr təhsili alır. Yaradıcılığında bədii-sənədli janra üstünlük verir, həmçinin portret, natürmort və səhnələşdirilmiş fotoqrafiyanı da təcrübədən keçirir. İlkin Quliyev “Nähe, Na” (Gallery 52, Essen, Almaniya, 2022), “Once in a blue Moon” (Gallery 52, Essen, Almaniya, 2021) kimi qrup sərgilərində iştirak edib.
Maksim Tatarintsev (d. 1991, Ukrayna) 2014-cü ildə S. Stroqanov adına Moskva Dövlət Bədii-Sənaye Akademiyasının “Mühit dizaynı” fakültəsini, 2015-ci ildə Qrafik Dizayn Ali Akademik Məktəbini, 2018-ci ildə isə İ. Bakşteyn adına Müasir İncəsənət İnstitutunu bitirib. O, video, instalyasiya, pablik art və rəngkarlıq sahələrində fəaliyyət göstərir. Onun yaradıcılığının əsas motivi şəxsiyyətin inkişafın mənbəyi kimi sosial mühitdir. Rəssam çoxsaylı sərgi və layihələrin iştirakçısıdır: “Şeylər” (“ART4” Muzeyi, Moskva, Rusiya, 2022), “Mənim yanımda” fərdi sərgi (“DORDOR” qalereyası, Nyu-York, 2021), Fisura Beynəlxalq Eksperimental Film və Video Festivalı (Meksika, 2021), “Xronometraj” (“PRO ART`S” qalereyası, Kaluqa, Rusiya, 2020), “COSMOSCOW” İncəsənət Yarmarkası (Moskva, 2020), “Velikaya kommunalka” layihəsi (İncəsənət gecəsi, “Tsaritsıno” Dövlət Muzey-Qoruğu, Moskva, Rusiya, 2019). Onun əsərləri bir sıra mükafatlara layiq görülüb.