May 2024

“ALÜMINIUM” V BEYNƏLXALQ MÜASIR İNCƏSƏNƏT BIENNALESI KEÇIRILƏCƏK 2012, 11-16 DEKABR

11 Dek - 16 Dek 12

2012-ci il dekabr ayının 11-16 tarixində Bakıda “Alüminium” V Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək. 

2003-ci ildən etibarən Bakıda hər iki ildən bir keçirilən “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi artiq ənənə şəklini almış və Azərbaycana dünyanın onlarla ölkəsindən olan rəssamları, sənətşünasları, kuratorları cəlb etmişdir. Həmin tədbirlər ölkəmizdə ənənəvi incəsənətlə yanaşı müasir sənətin inkişafı haqqında beynəlxalq nüfuza malik olan mütəxəssislərdə ətraflı təsəvvür yaratmış, həm əcnəbi, həm də yerli yaradıcı insanlara yeni yaradıcılıq impulsu vermişdir. Biennale haqqında müxtəlif media orqanlarında ətraflı məlumatlar yerləşdirilmiş, mütəxəssislər kütləvi informasiya vasitələri səhifələrində təhlil və araşdırma yazıları ilə çıxış etmişlər. 

“Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi ölkəmizdə müasir incəsənətin inkişafına güclü təkan vermişdir. Azərbaycanın bir çox gənc və istedadlı rəssamları özlərinin ən maraqlı müasir incəsənət əsərlərini ilk dəfə məhz bu biennale çərçivəsində təşkil olunan sərgilərdə nümayiş etdirmiş, sonradan müxtəlif xarici ölkələrdəki nüfuzlu beynəlxalq sərgilərdə də uğurla çıxış etmişlər. 2007-ci və 2009-cu illərdə isə “Alüminium” Müasir İncəsənət Biennalesi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin himayəsi altında daha da geniş miqyasda təşkil olunmuşdur. 2012-ci il 11-16 dekabr tarixlərində Bakıda keçiriləcək biennaledə yenə də Avropa və Asiya ölkələrindən olan rəssamların, sənətşünasların və kuratorların iştirakı nəzərdə tutulur. Azərbaycan müasir incəsənətini onun hüdudlarından kənarda yaşayan tamaşaçıya və mütəxəssislərə tanıtmaq, eləcə də ölkəmizdə müasir incəsənətin inkişafının təbliği və rəssamların yaradıcılığının dəstəklənməsi biennalenin əsas məramıdır. 





Biennalenin mövzusu: ZAMANIN SİMALARI



“Alüminium” V Beynəlxalq Müasir İncəsənət Biennalesinin

K O N S E P S İ Y A S I

Biz birgə yaşayırıq. Sevirik, nifrət edirik, özümüzə kumirlər yaradır və onları gözdən salırıq. Yaxşılıq və ya yamanlıq etməklə bir-birimizə təsir edirik. Biz - cəmiyyəti təşkil edirik və bizlərdən birinin başına gələnlər digərlərinin də həyatının bir hissəsinə çevrilir. Biz bir-birimizə kömək göstərir və ya çətinliklər yaradırıq. Zaman dəyişildikcə biz özümüz də dəyişilirik. Sual yaranır: zamanı bizmi müəyyənləşdiririk? Yoxsa zaman özü bizi formalaşdırır?

Zamanın siması – bizim simamızdır, bizim və kumirlərimizin siması. Onlar kimdir? – “Zəmanəmizin qəhrəmanları”? Siyasətçilər? Rəssamlar? Alimlər? Yoxsa valideynlərimiz? Dostlarımız? Bəlkə biz özümüz? Biz özümüzə kumirlər yaratmaqla özümüzə ahəngdar ideal yaratmış oluruq. Bizim zəmanə - bu bizik və hər birimiz üçün onun özünəməxsus obrazı vardır...



Biennalenin təşkilatçıları:

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

Azərbaycan Rəssamlar İttifaqı

Yarat!” Yaradıcılıq Məkanı



Sponsorlar:

Fransa Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi

Norveçin “STATOİL” Neft Şirkəti 



Biennale çərçivəsində Bakı şəhərindəki 15 qalereyada sərgilər təşkil olunacaqdır:



1. Muzey Mərkəzinin Sərgi Qalereyası

2. “Yarat!” Müasir İncəsənət Məkanı 

3. İçərişəhərdəki Müasir İncəsənət Mərkəzi və Birləşmiş Rəssamlar Klubu 

4. Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi salonu

5. “ART SALON” Müasir İncəsənət Mərkəzi

6. “Yeni Gallery” Bakı İncəsənət Mərkəzi

7. “Abşeron” Qalereyası

8. “Qız Qalası” Qalereyası

9. ART Group 

10. “KiçikQalART”

11. “Bakı” Qalereyası

12. “LN” İncəsənət Mərkəzi

13. “Baku Creative Centre”

14. “Art Council”

15. “Yay Gallery” Qalereyası



Biennalenin koordinatoru: Aida Mahmudova, “Yarat!” Müasir İncəsənət Məkanının təsisçisi

Biennalenin kuratoru: Dilarə Vahabova, sənətşünas və tənqidçi

Biennalenin direktoru: Qalib Qasımov, Mədəniyyət və Turizm Nazirliyi Təsviri və dekorativ sənət sektorunun müdiri 



İştirakçı ölkələr: Türkiyə, Fransa, ABŞ, Almaniya, Rusiya, Gürcüstan, Qırğızıstan, Litva, Norveç, Danimarka, İspaniya, Özbəkistan, Pakistan, Əfqanıstan, Mərakeş, Finlandiya, Cənubi Koreya.

Tədbirin bağlanış günü – 15 dekabr, saat 15:00-daMuzey Mərkəzinin konfrans zalında “Müasir incəsənət təcrübəsi bu gün” adlı konfrans keçiriləcəkdir. Konfransda Biennale iştirakçıları özlərinin əsas bədii layihələri və yaradıcılıq planları haqqında danışacaq, görülmüş işlər barədə öz fikir və ideyalarınıbölüşəcəklər.

Yüklənir