Aprel 2024

3-CÜ BAKI PABLİK ART FESTİVALI: NƏZRİN MƏMMƏDOVA (AZƏRBAYCAN)

22 İyl 15

YARAT Müasir İncəsənət Məkanı 22 iyul 2015-ci il tarixində Nəzrin Məmmədovanın 'OUROBORUM' oyun layihəsini təqdim edir. Təqdumat “Səmadan bir damla” adlı 3-cü Bakı Pablik Art Festivalının çərçivəsində təşkil olunur.

İyuldan avqusta kimi YARAT Müasir İncəsənət Mərkəzinin zalında və YAY Qalereyasının damında yerləşən açıq kinoteatrda fantastika və futurizm filmlərinin nümayişi keçiriləcək.


YARAT Müasir İncəsənət Məkanı tərəfindən hazırlanan “Səmadan bir damla” Bakıda keçirilən 3-cü pablik-art festivalıdır. Mühüm tədbir 13 iyun – 5 oktyabr 2015-ci il müddətində keçiriləcək. Festivalın başlanğıcı Birinci Avropa Oyunları ərəfəsinə təsadüf edir və həmin ərəfədə festivalı daha çox Bakı sakinləri və qonaqları ziyarət edə bilərlər. Vafaa Bilal, Ergin Çavuşoğlu, Fərhad Fərzəliyev və Nəzrin Məmmədova kimi rəssamlar festivalda iştirak edəcəklər. Əsərlər şəhərin müxtəlif yerlərində nümayiş etdiriləcək. Həmçinin eksponatların internet vasitəsilə onlayn nümayişi də nəzərdə tutulub, yəni festival çərçivəsində virtual pablik-art platforması hazırlanacaq. Festival tədris proqramının tədbirləri ilə müşayiət ediləcək, o cümlədən Kino Klubun toplantıları, sənətkarlarla görüşlər, ikihəftəlik praktiki məşğələ, bir də Londonda yerləşən AA Memarlar Birliyinin (AA – Architecture Association) əməkdaşlığı ilə, AA-nın müəllimləri olan memarlar Omid Kamvari və Kasper Əksin rəhbərliyi altında AA-Baku məktəbi təşkil olunacaq.    


“OUROBORUM” həm onlayn video oyunu – iOS əməliyyat sistemi üçün hazırlanmış proqram, həm kinetik enerjiyə malik “heykəl”, həm də klassik “ilan” ("snake") oyununun yeni formada təzahürüdür. "OUROBORUM" - özündə həm ardıcıl, həm də bir-birinə paralel dünyaları birləşdirən bədii aləmdir və “Ouroboros” bunların hər birindən keçir. Oyunun adı qədim yunan əsatirlərindəki öz quyruğunu dişləyən ilan və ya əjdaha Oroborosa işarə vurur. İlan obrazı, ümumiyyətlə, dövrə vuran nəhayətsiz həyat, təkrarlanan yeniləşmə rəmzidir. Oyun Bakının (Azərbaycan) uğradığı möhtəşəm tikinti və sürətli yeni özünüdərk proseslərinə zəkalı şərh təqdim edir. Estetik baxımdan “OUROBORUM” İslam həndəsi naxışlarını Azərbaycanın həm ənənəvi, həm də müasir memarlıq və mədəniyyət cizgilərində – xalçaçılıq, parçalar və zərgərlik nümunələrində tapır. Görüntü ənənəvi Azərbaycan musiqi alətlərindən qaynaqlanan süni səslərlə müşayiət olunur. Oyunun video və səs baxımından təsir qüvvəsi eyni zamanda həm sistematik, həm də təsadüfü olan naxışlar dilinə əsaslanaraq, yeni texnologiyalar və kompüter oyunları mədəniyyətinin ənənə ilə təzad təşkil etməsini vurğulamağı hədəfə alır. “OUROBORUM”-un aspektləri arasında belə bir yanaşma da mövcuddur: oyun, ümumiyyətlə, elə bir könüllü əməldir ki, müəyyən zaman və məkan çərçivəsində həyata keçirilir, zehni və fiziki sınaq anlamına gəlir və xüsusi meydançada cərəyan etməsinə görə, bir də müəyyən uydurma və şərtlərinə görə gerçək aləmdən ayrılmışdır. Bu oyunun məqsədi odur ki, oyunçu özü istədiyi kimi ilanı (elementi) idarə edərək, ilanın hərəkətini nəzarəti altında saxlayaraq həndəsi fiqurlar toplasın və beləliklə, yeni obyektlər quraşdırsın. İlanı idarəetmə aləti oyunçunun hədəfə aldığı fiqura görə ona ilanın həm sürətini, həm də boyunu dəyişməyə imkan verir.


“OUROBORUM” proqramını “App store” (iTunes) serverindən istənilən iOS platformalı cihaza pulsuz yükləmək olar.


Rəssamlar kollektivi: Nəzrin Məmmədova, Anton Filatov, Ernest Yakovlev. 


Nəzrin Məmmədova 1989-cu ildə Kutaisi şəhərində (Gürcüstan) anadan olub. Azərbaycandakı Avrasiya Diplomatik Akademiyasının məzunudur. Moskvada (Rusiya) yerləşən Britaniya İncəsənət və Dizayn Məktəbini fərqlənmə diplomu ilə bitirib incəsənət üzrə bakalavr dərəcəsini qazanmışdır. 2012-ci ildən Azərbaycan Fotoqraflar İttifaqının üzvüdür. Elə 2012-ci ildən də YARAT-ın İdarə Heyətinin fəal üzvüdür. Son vaxtların sərgilərindən bunların adını çəkmək olar: “Xəyallar zamanıdır”, IV Moskva Beynəlxalq Gənc İncəsənət Biennalesi, MMOMA, Moskva, Rusiya; GRID fotofestivalı, Vondel CS, Amsterdam, Niderland; XVI Şarja İslam İncəsənəti Festivalı, Şarja İncəsənət Müzeyi, Şarja, Birləşmiş Ərəb Əmirlikləri (hamısı 2014). 2014-cü ildə Məmmədova Delfina Fondunun art-rezident proqramı üzrə Londonda ezamiyyətdə olmuşdu. Hazırda Bakıda yaşayıb yaradır.


22 iyul, 2015

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi

Əlaqə telefonu: 012 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir