May 2024

YARAT REZİDENTİ: NEDA ZARFSAZ (İRAN) YAMACIN GÖRÜNTÜSÜ FƏRDİ SƏRGİSİ

15 İyl - 21 Avq 16

YARAT Müasir İncəsənət Məkanı böyük məmnuniyyətlə Sizi iranlı rəssam Neda Zarfsazın 15 iyul, 2016-ci il tarixində ARTIM Layihə Məkanında keçiriləcək “Yamacın görüntüsü” adlı fərdi sərgisinə dəvət edir. 


“Yamacın görüntüsü” İran rəssamı Neda Zarfsazın üç aylıq rezidentura proqramı çərçivəsində, YARAT Emalatxanalarında yaratdığı əsərlərdən ibarət yekun sərgisidir. Sərginin konteksti yerli mühitin rəssama göstərdiyi təsirlə əlaqədardır. Təqdim edilən altı əsər ətrafımızda baş verən dəyişikliklərə olan rəssamın münasibətidir. Birlikdə toplanmış həmin əsərlər mühit və ətraf mənzərənin bir növ arxivini təşkil edir. Mövcudluq mövzusunu araşdıran rəssam əsərlərində ölkəmizin müasir tikinti görüntüləri və Xəzəryanı regionunda sənayenin rolunu əks etdirir. 


Neda Zarfsaz 1981-ci ildə İranın Urmiya şəhərində dünyaya gəlib. O, Höteborq Universitetinin nəzdindəki Valand Təsviri İncəsənət Akademiyasını təsviri incəsənət üzrə magistr dərəcəsi ilə bitirib. 2011-ci ildə, o İsveçin Höteborq şəhərində “Adlerbertska Hospitiestiftelsen” mükafatına, 2013-cü ildə isə Londondakı “Gasworks” qalereyasında art-rezidensiya proqramında iştirak etmək üçün MOP (Magic of Persia) Fondu tərəfindən mükafata layiq görülmüşdür. Onun “Xırda daşlarsız böyük daşlar” əsəri Əbu-Dabi İncəsənət yarmarkası üçün seçilmişdir. O, xeyli sayda fərdi və qrup sərgilərinin iştirakçısıdır: “Vücud, məkan, qavrayış”, Azad İncəsənət Qalereyası, Tehran, İran (2016), “İrandan yaxşı xəbərlər” Endjavi Barbe Art Projects, Münhen, Almaniya (2014) və s.


YARAT Rezidentura Proqramı müxtəlif sahələr üzrə açıq, tədqiqata əsaslanmış təcrübəyə malik və Qafqaz regionunu kəşf etməkdə maraqlı olan rəssamlar üçün nəzərdə tutulmuşdur. Proqram rezidentura iştirakçılarına çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa, öz əsərlərini YARAT Emalatxanalarında hazırlamağa və ARTIM Layihə Məkanında sərgilənməyə imkan yaradır.


Açılış tarixi: 15 iyul 2016

Saat 19:00-da 

Sərginin müddəti: 15 iyul – 21 avqust 2016 

Ünvan: ARTIM Layihə Məkanı 

İçərişəhər, Böyük Qala küç.30, 001 A

Giriş sərbəstdir.

Əlavə məlumat: www.yarat.az; 0125051414


Yüklənir