May 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM PROJECT SPACE: HOW DOES IT FEEL? GROUP EXHIBITION OF YARAT RESIDENTS

30 Noy 16

YARAT Müasir İncəsənət Məkanı böyük məmnuniyyətlə sizi, yerli və xarici YARAT rezidentlərinin ARTIM Layihə Məkanında keçiriləcək “Bu necə bir hissdir?” adlı qrup sərgisinə dəvət edir.


Açılış tarixi: 2 dekabr 2016 / Vaxt: 19.00

Sərgi günləri: 2 dekabr – 16 dekabr 2016

Ünvan: ARTIM Layihə Məkanı

İçərişəhər, Böyük Qala küç., 30, 001A 

Giriş sərbəstdir

YARAT Müasir İncəsənət Məkanı, ARTIM Layihəsi çərçivəsində, YARAT-ın yerli rezidentləri - Vüsalə Ağarazıyeva və Erkin Ələkbərli, habelə Gökçen Dilek Acay, Timo Herbst və Mersedes Şturm-Li kimi əcnəbi rezidentlərin iştirakı ilə “Bu necə bir hissdir?” adlı qrup sərgisini təqdim edir. 


“Bu necə bir hissdir?” sərgisi, öz ətrafı ilə maraqlanan və müxtəlif subyektləri araşdırmağa, onları hiss etməyə çalışan tamaşaçının nəzər nöqtəsini təsvir edir. Layihənin ideyası, nəticə etibarilə tamaşaçının onu əhatə edən və sadə izahı tapmağa mane olan müxtəlif təsirləri dəf etməsi və onların öhdəsindən gəlməsini vurğulayır. Əgər yad adam gözlənilmədən doğmaya, doğma adam isə gözlənilmədən yada çevrilirsə nə baş verir? Və əgər, insan zəkasında ərsəyə gələn ideyalar “içiboş” çıxırsa, ya da digər bir halda, əgər hər hansı məchulluq başa düşülən və aydın formalar əldə edirsə, onda necə olsun? 

YARAT-ın üç xarici və iki yerli rezidentinin əsərlərini bir araya gətirən bu sərgi, sənət insanlarının baxışları ilə qurulmuş və bir-birlərinin son dərəcə iti nəzər nöqtələrini əks etdirən bir “səyahət”dir. 

Gökçen Dilek Acayın “Anatomik mövqelər” (“Anatomical Positions”) adlı videosu və “DNK strukturu” (“Shaping DNA”) adlı instalyasiyası, ilk olaraq çaşqınlığa səbəb olan geometrik formalarda insan bədəninin ayrı-ayrı hissələrini maraqlı formada təqdim edir. İnstalyasiya, rəssamın saç quruluşunu və bədəninin daxilində daim və sürətlə dəyişən hadisələri əks etdirməklə, XXI əsrdə insan orqanizmi haqqında biliklərlə bağlı dəyişiklikləri, insanın öz bədəninin “yabançılığından” və özgəliyindən qorxması, eləcə də, genetik modifikasiya vasitəsilə insanın zahiri görünüşünə nəzarətin mümkünlüyü ilə tanışlığı izah edir. Bu iki əsər arasında bağlantı qismində halqalar və dəliklərdən istifadə etməklə, rəssam, “qavrayış oxu” və vuayerizm obyekti  qismində hisslərin intensivliyi və insan bədəni arasında əlaqəni qiymətləndirir.

Vüsalə Ağarazıyevanın “Сəfəngiyyat” (“Absurd”) adlı instalyasiyasnın əsas diqqəti süni dəyərlər, boş ideyalar və hədəfləri xarakterizə edən hava şarına yönəlib. Rəssam, insanların boş və mənasız davranışını, bir-birlərinə və həyata qarşı münasibətini, eyni zamanda xəyali, mümkünsüz hədəflərə nail olmağa çalışmasını və onların “həqiqət” adlandırdığı məfhumu şübhə altına qoyur. Vüsalə Ağarazıyeva deyir: “Mənə elə gəlir ki, biz insanların gözləri əməlli-başlı kordur və insanın malik olduğu yeganə amil, yalnız onun öz yoludur. Bu yol, insan həyatının əvvəlindən sonuna kimi davam edir və insan təbiəti kimi, heç bir yalan, paxıllıq, ikiüzlülük və digər mənfi xislətlərə tab gətirmir. Yalnız həqiqi sevgi üzərində qurulmuş yol, məhəbbət, qarşılıqlı hörmət və anlaşmaya gətirib çıxarır.

Erkin Ələkbərli, “İtirilmiş nəsil” (“Lost Generation”) adlı əsəri ilə, müharibə terrorlarında itirilmiş, unudulmuş və zülmətdə qalmış saysız-hesabsız uşaqların həyatlarına ünvanlanır. Sözügedən instalyasiya, müharibənin ədalətsizliyindən irəli gələn, qeyb olmuş ümidləri və natamam arzuları təcəssüm edir. Belə ki, sözügedən instalyasiya, bütün dünyada daha çox müdafiəsiz qurbanlar kimi uşaqların əziyyət çəkdiyi və təcavüzə məruz qaldığı amansız və qanlı toqquşmalardan bizə verdiyi, lakin hələ də nəzərə alınmayan dərsləri günahlandırmaqla yanaşı, instalyasiyanın mərkəzi hissəsini təşkil edən tikanlı məftillə rəmzi müdafiə çəpərini yaratmağa çalışır.  

Timo Herbstin rəsmləri və videosu Bakıda yaşadığı günlərdə ərsəyə gəlib və onları Bakının gündəlik həyatının “xoreoqrafiyasını” əks etdirmək cəhdi adlandırmaq olar. “Baku/Bakı – Ana Dili” adlı filmdə, rəssam, şəxsən üzləşdiyi bir sıra ziddiyyətli və mürəkkəb məqamların müxtəlif  gerçəkliklərini izləyən “sakit tamaşaçı” rolunda çıxış edir. Beləliklə də, o, sadəcə ənənələr və müasirləşdirmə, iqtisadi inkişaf və böhran arasındakı ziddiyyətdən daha qəliz olan cəmiyyətin fərqli və həssas təsvirini əks etdirir. Rəssam, öz rəsmlərində üst-üstə düşən çoxşaxəli gerçəkliklərdən ibarət strategiyanı tətbiq edir ki, bu da əsasən bütün dünyada baş verən siyasi mübahisələrin ümumi ziddiyyətləri, eləcə də Azərbaycanda son iki əsr ərzində istifadə edilmiş müxtəlif əlifbaları xatırladan mətnlərdə özünü büruzə verir.

Bakıda yaşadığı müddətdə, Mersedes Şturm-Li, 1920-ci illərdə, bolşeviklərin işğalı dövründə, itkin düşmüş Boris Svetlovun 1916-cı ildə çəkdiyi məşhur “Neft və milyonlar səltənəti” adlı ilk Azərbaycan bədii filmini araşdırıb. Sərgiyə film, habelə filmin çəkildiyi yerləri və kino tarixçisi Aydın Kazımzadə ilə müsahibəni əks etdirən kiçik video ilə bağlı yaradıcılıq və kino sahəsində təhsil alan tələbələr üçün keçirilmiş 4 günlük seminara dair sənədli materiallar daxildir. Rəssamın işləri, neft və milyonlarla bağlı olan insanların həyat tarixçələri və şəxsi münasibətlərini, eləcə də bu konsepsiyaların Azərbaycanın gündəlik həyatına göstərdiyi geniş geosiyasi təsiri araşdırır. Bu layihəni, onun Belçikada “Qara qızıl” (“Black Gold”) adlı əsəri ilə başladığı, neft mövzusuna toxunan problemlərin davamı kimi də qiymətləndirmək olar. Bu əsər, aşağı tərəfdən neft çəlləyi, üst tərəfdən isə qızıl suyuna çəkilmiş qapağı əks etdirir. Çəlləyə baxanda, insanda qaranlıq quyuya baxdığı kimi oxşar hiss yaranır. Fridrix Nitsşenin məşhur kəlamını bu əsərin əsas ilham mənbəyi adlandırmaq olar: “Əgər siz uzun müddət uçuruma baxırsınızsa, onda uçurum da sizə tərəf gəlir”.


Gökçen Dilek Acay 1983-cü ildə İstanbulda anadan olub. 2009-cu ildə İstanbulda Yıldız Texniki Universitetinin “Skripka” fakültəsini, daha sonra, 2012-ci ildə Almaniyanın Bauhaus Universitetində (Veymar) təsviri incəsənət üzrə magistratura proqramını bitirib. O, rəqqaslar, musiqiçilər, təsviri incəsənət xadimləri ilə sıx əməkdaşlıq edib və bir sıra qrup sərgilərində iştirak edib. Bundan əlavə, onun Türkiyə, Avropa, Asiya və ABŞ-da fərdi və qrup sərgiləri olub. Gökçen Dilek, 2013-cü ildə Robert Uilson tərəfindən kurasiya edilən "Watermill Center Benefit"də  aparıcı rəssam və ifaçı, 2015-ci ildə İstanbul Mədəniyyət və İncəsənət Fondunun dəstəyi ilə Parisdə "Cite International des Arts" tədbirində dəvət olunmuş qonaq kimi çıxış edib. Rəssam "Türkiyədə yeni nəsil gənc müasir rəssamlar" müsabiqəsinin 3-cü Fəxri Mükafatına layiq görülüb. 2015-ci ildə, o, Milanda keçirilən Avropa və Aralıq dənizi ölkələrindən gənc rəssamların 17-ci Beynəlxalq Biennalesində Türkiyəni təmsil edən seçilmiş rəssam olub. Dilek Acay "Brüssel İncəsənət Yarmarkası" və İstanbulda yerləşən NEV Gallery tərəfindən "Müasir İstanbul" kimi tədbirlərdə təmsil edilib. Gökçen Dilek "AIR Programs" vasitəsilə müxtəlif ölkələrdə müstəqil rəssam kimi çalışır.

Vüsalə Ağarazıyeva (d. 1990, Bakı) Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Rəngkarlıq” fakültəsini bakalavr və magistr üzrə bitirib. İştirak etdiyi sərgilər: “Sırğa olsun” Konseptual İncəsənət sərgisi, ( MİM, Bakı), “Düymə” (Kiçik QalArt Qalereyası, Bakı), “Xocalı soyqırımı” (Galerie Berlin-Baku, Berlin), “Almaniya  Azərbaycan rəssamlarının gözləri ilə” (Rəssamlıq Akademiyası, Bakı), “Yarı həqiqətlər” (ARTIM, Bakı), “Tarix” (Etnoqrafiya Muzeyi, Tbilisi). 2013-cü ildən Azərbaycan Rəssamlar İttifaqının Gənclər bölməsinin üzvüdür.

Erkin Ələkbərli (d. 1992, Bakı) Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Rəngkarlıq” fakültəsini 2014-cü ildə bakalavr  və 2016-cı ildə magistr üzrə bitirib. Rəssam bir neçə sərgilərdə iştirak edib: “Əsrin müqaviləsi” (Dövlət İncəsənət Muzeyi, Bakı), “Səməni” İncəsənət Festivalı (Heydər Əliyev Mərkəzi, Bakı), “Xocalı soyqırımı” (Galerie Berlin-Baku, Berlin), Alüminium Müasir İncəsənət Festivalının “Yaddaş/Retrospektiv” layihəsi (Abşeron Qalereyası, Bakı). Moskvada keçirilən ARTWEEK Beynəlxalq İncəsənət Yarışmasının 2-ci pilləsinə layiq görülüb, Azərbaycan Rəssamlar İttifaqının Gənclər bölməsinin üzvüdür. 

Mersedes Şturm-Li 1991-ci ildə anadan olub. Stokholm və Brüsseldə yaşayan və fəaliyyət göstərən, İsveç, Belçika, Norveçin multimedia rəssamı və kuratorudur. O, Stokholm Kral İncəsənət İnstitutunun təsviri incəsənət fakültəsini magistr dərəcəsi ilə bitirib. Onun əsərləri İsveç, Belçika, Polşa, Yaponiya, Rusiya, Braziliya və ABŞ-da sərgilənib.

Timo Herbst Bremen İncəsənət Universitetini, 2013-cü ildə isə Leypsiq Vizual İncəsənət Akademiyasını (Almaniya) bitirib. Rəssam tədqiqatlar aparmaq üçün Bremen Beynəlxalq Muzeyi, Leypsiq Təbiətşünaslıq Muzeyi və Leypsiqdə Corc Steyndorfun Misir Kolleksiyası ilə sıx əməkdaşlıq edib. Əsərlərini Almaniyada və digər ölkələrdə bir sıra muzey və qalereyalarda sərgiləyib. Buna misal olaraq, "Kunsthalle am Hamburger Platz" (Berlin), Leypsiq Vizual İncəsənət Muzeyi, "Kunstmuseum" (Volfsburq), "Haus der Kunst" (Münhen) və "Centre d`Art Passerelle Brest" (Fransa) və s. göstərmək olar. O, "Artist Quarter Budapest" (Macarıstan) və "Goethe Institut Villa Kamogawa" (Kioto, Yaponiya) təşkilatların elmi işçisi olub. Hal-hazırda isə Berlin Azad Universiteti və Braunşveyk Təsviri İncəsənət Universiteti təhsil ocaqların "Volkswagen" Fondunun dəstəyi ilə “Arts and Science in Motion” fənlərarası layihə və elmi-tədqiqat qrupunun səlahiyyətli əməkdaşıdır. 


ARTIM haqqında

ARTIM layihəsinin başlıca məqsədi, ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır. ARTIM layihəsinin İçərişəhərdə peşəkar sərgi məkanı var. Bu məkan, eksperimentlərin aparılmasına və əsərlərin peşəkar səviyyədə nümayişinə imkan verən platforma qismində çıxış edir.


Sərginin müddəti: 2 dekabr – 16 dekabr 2016 

İş saatları: Cümə axşamı – Bazar, saat 14:00-20:00

Daha ətraflı məlumat üçün: www.yarat.az; 0125051414


FACEBOOK

Yüklənir