12 Fev - 19 Fev 15
BAKININ LİFLƏRİ: ŞƏHƏRİN PORTRETİ
YARAT Müasir İncəsənət Təşkilatı FARE-nin (Milan, İtaliya) əməkdaşlığı ilə birgə həyata keçirdikləri Art-rezident layihəsi çərçivəsində YARAT-ın Art-rezident qonağı olan italiyalı rəssam Paola Anziché-nin Bakıda yaratdığı əsərin təqdimatı barədə böyük məmnunluqla məlumat veririk.
Təqdimat “Kiçik QalArt” Qalereyasında fevralın 12-də keçiriləcək və fevralın 19-na qədər nümayiş etdiriləcək. Açılış mərasimində (saat 19:30-da) rəssamın qeyri-formal çıxışı da nəzərdə tutulub. Bu çıxışında o, sərgidə nümayiş etdirilən əsərindən söz açacaq, yaradıcılıq yolunun bəzi səhifələri barədə və gələcək planlarından danışacaq. Həmçinin rəssam Bakıda art-rezident olmağı barədə şəxsi təəssüratını paylaşacaq.
ƏSƏRİN MAHİYYƏTİ: Rəssam, boş bir məkanda ənənəvi tekstil parçalarından və şəhərin memarlıq kompozisiyalarından götürülmüş elementlərdən istifadə edərək, Bakının qeyri-adi portretini yaratmağa çalışır.
Təqdimatın başlanması:
12 fevral 2015-ci il, saat 19:00
Saat 19:30 – rəssamla söhbət
Giriş sərbəstdir
Ünvan: İçəri Şəhər, Kiçik Qala küçəsi 58, “Kiçik QalArt” Qalereyası
Əlaqə: +99412 505 1414
İtaliyalı rəssamı Paola Anzichénin bu Art-rezident ezamiyyəti yanvarın 16-da başlanmışdır və fevralın 14-nə qədər davam edəcəkdir. Onun Art-rezident olaraq ərsəyə gətirəcəyi əsərlər YARAT-ın daimi kolleksiyasına daxil ediləcəkdir.
Paola Anziché 1975-ci ildə Milanda anadan olub. Frankfurtda Städelschule Dövlət Təsviri Sənət Akademiyasını (Staatliche Hochschule Für Bildende Künste) və Milanda Brera İncəsənət Akademiyasını bitirib. Əsas fərdi sərgiləri: “CARD”, Cascina Masarola, Pianello Val Tidone (2014); “Vitrine 270° - Paola Anziché”, Gam, Turin, “Pier Luigi və Natalina Remotti” Fondu (2012); “Böyük Turin: Paola Anzichè - Paolo Piscitelli”, “Sandretto Re Rebaudengo” Fondu, Turin (2010); “Tapis-à-porter”, Careof, Milan (2009).