İyul 2024

SÜKUTUN SƏSLƏRİ: MULTİDİSSİPLİNAR RƏSSAM AYDAN SALAHOVANIN FƏRDİ SƏRGİSİ

13 İyn - 30 Dek 24

YARAT Müasir İncəsənət Məkanı multidissiplinar rəssam Aydan Salahovanın “Sükutun səsləri” adlı fərdi sərgisini təqdim edir.


Açılış: 13 iyun, 19:00
Məkan: YARAT Mərkəzi


“Sükutun səsləri” Aydan Salahovanın Bakıda ilk irimiqyaslı muzey sərgisidir. YARAT-ın sifarişi ilə hazırlanan sərgi, qlobal müstəvidə aktual olan məişət zorakılığı problemi və onun qurbanlarının adından səslənir. Öz layihəsində rəssam, məişət zorakılığının emosional mənzərələrini araşdıraraq qurbanların qorxuları və ümidsizliyini vurğulayır. Ekspozisiyada ağlay daşından yonulmuş 12 nəhəng küplərdən ibarət instalyasiya təqdim olunur və bu, sənətçinin yerli daşla əsərlər yaratmaqda ilk təcrübəsidir.


Sərginin əsas mahiyyəti küplərdən çıxan səslərdir – hər küp son 12 il ərzində baş vermiş ailə-məişət zorakılıq hadisələrinin xronikasından seçilmiş qurbanların faciəvi hekayələrini qısaca “danışır” və Azərbaycanda, habelə digər ölkələrdə yaşanan bu problemləri işıqlandırır. Bu səslər, instalyasiyanın estetik əzəməti və travmatik hekayələrin məşəqqəti arasında emosional təzad yaradır, ailə münasibətlərində zorakılıq hallarının cəmiyyətə gizli qalmamasının və ona qarşı çalışmaların zəruriliyini vurğulayır.


“Sükutun səsləri” instalyasiyası ümid və xatirə simvoluna çevrilərək zorakılığın bütün formalarının qınamasını və onunla mübarizənin vacibliyi haqqında düşünməyə təşviq edir. Sərgi hər kəs üçün məlumatlandırıcı və təhlükəsiz cəmiyyətin qurulmasını təbliğ edən – dialoqa, anlaşmaya və həmrəyliyə çağırışdır. O, bizi məişət zorakılığı ilə bağlı sükutu pozmağa, həmçinin hər kəsin qorxu və zorakılıqdan azad yaşaya biləcəyi bir cəmiyyəti qurmağa dəvət edir.


Aydan Salahova (d. 1964, Moskva) rəssam, heykəltəraş və pedaqoq. 1987-ci ildə V.İ. Surikov adına Moskva Dövlət Akademik İncəsənət İnstitutu bitirib. 1988-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur. Aydan Salahova Moskvada açılan ilk müasir incəsənət qalereyası sayılan “Pervaya Qalereya”-nın  həm təşkilatçılarından, həm də həmmüəlliflərindən biri idi (1989-1992). Daha sonra, 1992-2012-ci illərdə fəaliyyət göstərən “Aydan” qalereyasının təsisçisi olmuşdur. Rəssam 2002-ci ildə Rusiya Rəssamlıq Akademiyasının gümüş medalına layiq görülüb. 2002-2007-ci illərdə Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü, 2007-ci ildən isə həqiqi üzvü seçilmişdir.  Aydan Salahova yaradıcılığında Şərqlə Qərbin qarşılıqlı əlaqələri, daxili qadağalar və azadlıq, kişi və qadın başlanğıcları, eləcə də dünyada qadının rolu və onun incəsənətdəki obrazı mövzularını araşdırır. Rəssamın “L'escala daurada” (Imaginart, İspaniya, 2023); “Gizli ornament” (“Triumf” qalereyası, Rusiya, 2022); “Yeni müqəddəslər” (Rus Dövlət Muzeyi nəzdində Mərmər Sarayı, Rusiya, 2021); “The Dust Became the Breath” (Gazelli Art House, Böyük Britaniya, 2021); “Vices et vertus” (Müqəddəs Lu kilsəsi, Belçika, 2017); “Sabitlik” (Kuadro Müasir İncəsənət Qalereyası, BƏƏ, 2017) və s. fərdi sərgiləri keçirilmişdir. O, həmçinin çoxsaylı qrup sərgilərin iştirakçısıdır, o cümlədən: “La voz velada” (La Neo Mudejar Muzeyi, İspaniya, 2024); “Sıxılmış yaddaş” (Gazelli Art House, Azərbaycan, 2023); “Kövrəklik” (MİA Art Collection, BƏƏ, 2023), “Vazari adlandırılıb. Dirçəliş” (Arsenal, A.S. Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Volqa-Vyatka filialı, Rusiya, 2022); “Şəxsi məkan” (“RuArts” qalereyası, Rusiya, 2022); 17-ci İstanbul Biennalesi (2022); “My One and Only” (Mario Mauroner Contemporary Art, Avstriya, 2022) və s.


Sərginin kuratoru Fərəh Ələkbərlidir.

Yüklənir