İyun 2024

MÜŞAHİDƏ OLUNMAYAN ARZULAR: QRUP SƏRGİSİ

13 İyn - 30 Dek 24

YARAT Müasir İncəsənət Məkanı “Müşahidə olunmayan arzular” adlı qrup sərgisini təqdim edir.


Açılış: 13 iyun / 19:00
Məkan: YARAT Mərkəzi, 2-ci mərtəbə


Ekspozisiya YARAT-ın kolleksiyasında saxlanılan, həmçinin YARAT-ın sifarişi ilə müxtəlif illərdə hazırlanan və əməkdaşlıq layihələri çərçivəsində ərsəyə gələn – Zamir Süleymanov, Emin Əzizbəyli, Şəlalə Salamzadə, Rəsul Quliyev, Vaciko Çaçxiani, Ritz Mone və Timo Herbstin videoəsərlərini bir araya gətirir.


“Müşahidə olunmayan arzular” qrup sərgisi cəmiyyətin müxtəlif reallıqlarına və onlardan qaynaqlanan təzadlı arzuların üzərinə fokuslanır. Sərgi sürətli dəyişikliklər və gözlənilməz çağırışlarla zəngin olan müasir dünyada sosial dəyərlərin və iqtisadi rifahın hansı şərtlərdə böhranlarla əvəz olunduğunu və bu dəyişikliklərin cəmiyyətin fərqli təbəqələrinə necə təsir etdiyini araşdırır. Bu prosesin nəticəsi olaraq cəmiyyətin daha incə və mürəkkəb mənzərəsi ortaya çıxır ki, bu da onun həssas və müxtəlif yönlərini əks etdirir.


Mifoloji istinadları müasir reallıqlara adaptasiya edən rəssamlar videoəsərlərindəki qəhrəmanlarının “müşahidə olunmayan” arzularını “səsləndirməyə” çalışırlar. Ekspozisiyanı başlayan Şəlalə Salamzadənin 2021-ci ildə “Günəş şəhəri” adlı qrup sərgisi üçün Azərbaycan mifologiyasına söykənərək hazırladığı “Distopiya” videosunda arzuolunmayan məkandan (distopiya) qovulan insanların mütləq arzuolunan məkana (utopiya) qayıtmalı olduğunu bildirir. Rəsul Quliyevin eyni sərgidə yer alan “Sonsuz yarış” adlı 3-kanallı videosu “Pandoranın qutusu” əfsanəsinə əsaslanaraq çəkilib və ümidin insanları heç vaxt bitməyən yarışa məcbur etməsindən bəhs edir. 2019-cu ildə YARAT-ın rezidenti olmuş italiyalı rəssam Ritz Mone 2-kanallı videosunda pullar vasitəsilə avrozonanın bütün xalqlarını birləşdirə biləcək kollektiv arzu haqqındakı düşüncələri paylaşaraq sovet illərində ittifaq boyunca tikilmiş eynitipli memarlıq və heykəltəraşlıq abidələri ilə paralel aparır. YARAT-ın digər rezidenti olmuş almaniyalı rəssam Timo Herbst “Baku/Bakı – Ana dili” adlı videosunda cəmiyyətin diferensiallaşdırılmış və həssas obrazını yaradır. Gürcü rəssamı Vaciko Çaçxianinin “Titrəyən ürək” filmi məşhur gürcü nağılına müraciət edir – ailə, milli mənsubiyyət və kimlik anlayışlarına yoxlanılmadan daxil olan nağılları dərindən araşdırır. Ekspozisiyanı tamamlayan YARAT-ın kolleksiyasından Zamir Süleymanovla Emin Əzizbəylinin həmmüəllif olduqları “Astar” adlı videosu, gənc oğlan simasında Azərbaycan gəncliyinin xəyali həyatının “iç üzünü” açaraq həyatın müəyyən anında – arzu və ümidlərin tükəndiyi zaman gələn ümidsizlik mövzusunu səsləndirir.


Rəssamlar haqqında:


Zamir Süleymanov (d. 1987, Bakı) Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Öz yaradıcılığını klassik fotoqrafiya ilə başlayan rəssam, daha sonra müasir fotoqrafiya və video sahələrində davam etdirib. 2017-ci ildə “ALL AND” adlı fərdi sərgisi keçirilib (YAY Qalereyası, Bakı, Azərbaycan). Rəssam “AfterHope” (Asiya İncəsənət Muzeyi, San-Fransisko, ABŞ, 2020); Rijksakademie Open Studios (Amsterdam, Niderland, 2019); “Dağların arasından” (MOMA Tbilisi, Gürcüstan, 2019); “Ain't Nobody's Business” (Pinçuk İncəsənət Mərkəzi, Kiyev, Ukrayna, 2019); “Vətən havası” (Salaam Cinema, Bakı, Azərbaycan, 2018); “Dəniz və dağlar arasında” (YAY Qalereyası, Bakı, Azərbaycan, 2017); Sergey Kuryoxin Müasir İncəsənət Mükafatı (Sankt-Peterburq, Rusiya, 2017); “Draft Systems” (WRO, Vrotslav Media İncəsənət Biennalesi, Polşa, 2017); “Müqavimət üçün 300 söz” (YARAT Mərkəzi, Bakı, Azərbaycan, 2016); “Konfet dağlar, neftli sahillər” (PERMM, Rusiya, 2015); “Qəhrəmanlıq nevrasteniyadır” (Alternativ İncəsənət Biennalesi, Buxarest, 2015); Moskva Gənc İncəsənət Biennalesi (Rusiya, 2014); İslam İncəsənət Festivalı (Şarja, BƏƏ, 2014); “ZAVOD” (YARAT, Bakı Kondisioner Zavodu, Azərbaycan, 2013) və digər qrup sərgilərində, həmçinin beynəlxalq incəsənət tədbirlərində iştirak edib. 2018-19-cu illərdə Rijksakademie (Amsterdam, Niderland) rezidensiya proqramında iştirak edib.


Emin Əzizbəyli (d.1992, Bakı) Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin məzunudur. Kinematoqrafiya və fotoqrafiya təcrübələrini 2011-ci ildə başlayıb. Debüt işi YAY Qalereyasında nümayiş etdirilmişdir. Əsərləri GRID Beynəlxalq Foto Festivalının (Amsterdam, 2014), eləcə də IV Moskva Gənclər İncəsənəti Biennalesinin proqramına daxil edilmişdi.


Şəlalə Salamzadə (d. 1995, Bakı) 2016-cı ildə Bakıda Qərb Universitetinin dizayn fakültəsini bitirib. Multidissiplinar rəssamın yaradıcılığı video, fotoqrafiya və instalyasiya vasitəsilə ifadə olunan rəqəmsal sənəti əhatə edir. Əsərlərində rəqəmsal dünyamızda şəxsiyyətin psixologiyasını, kompüter texnologiyalarını və kiber dövrün sosial problemlərini araşdırır. 2017-ci ildə YARAT-ın təşkil etdiyi kuratorluq kursunu keçib və bunun nəticəsi olaraq ARTIM Layihə Məkanında hazırlanan “Rebirth.exe” adlı sərgidə həm kurator, həm də rəssam kimi iştirak edib. Rəssam süni intellekt vasitəsilə hazırlanmış videoəsərləri ilə bir sıra festival və qrup sərgilərinin iştirakçısıdır: “Black boxes” (Fotografisk Center, Danimarka, 2024; 60Seconds Short Film online festival, 2023); “Xromatik xəyallar” (Gazelli Art House, Azərbaycan, 2023); “Zurvan” (“Bavan” qalereyası, İran, 2022); The Wrong Digital Art Biennale (onlayn, 2021-2022); Contemporary & Digital Art Fair (onlayn, 2020); Sapar Contemporary (onlayn, 2020).


Vaciko Çaçxiani (d. 1985, Tbilisi, Gürcüstan) Gürcüstan Texniki Universitetinin, həmçinin Berlin İncəsənət Universitetinin təsviri sənət ixtisası üzrə və Gerrit Rietveld Akademiyasının (Niderland) məzunudur. Rəssam yaradıcılığında videolar,  heykəllər və instalyasiyalar vasitəsilə tənhalıq, zorakılıq və narahatlıq kimi psixoloji vəziyyətləri din, siyasət, ədəbiyyat və poeziya mövzuları ilə toxundurmağa çalışır. O, 2018-ci ildə “Böttcherstrasse” İncəsənət mükafatının (Almaniya) nominantı olmuşdur, həmçinin “Villa Aurora” təqaüdünə (ABŞ), 2018-ci ildə Tokio rezidentura qrantına, 2017-ci ildə isə “Rubens” mükafatına (Almaniya) layiq görülmüşdür. Rəssamın fərdi sərgiləri: “The New Year” (“Pori” İncəsənət Muzeyi, Finlandiya, 2022); “Lower than the Sky” (Brandts İncəsənət Muzeyi, Danimarka, 2022); “Death Chase” (“Daniel Marzona” qalereyası, Almaniya, 2020); “Winter which was not there” (“Crawford” qalereyası, İrlandiya, 2019); “Glass Ghost” (“Foscherari” qalereyası, İtaliya 2019);  “Glass Jaw” (“Scrap Metal” qalereyası, Kanada, 2018) və s. Həmçinin rəssam bir sıra qrup sərgilərin iştirakçısı olmuşdur: “FIRE UP” (Part Group, Çin, 2024); “Yours Truly” (Morsbroich Muzeyi, Almaniya, 2023); “Looking for a New Foundation” (Müasir İncəsənət Qalereyası, Almaniya, 2023); “A Higher Calling” (“White Space” qalereyası, Çin, 2021); “Étude” (“Aranya” incəsənət mərkəzi, ÇXR, 2020) və s.


Timo Herbst (d. 1982, Almaniya) 2009-cu ildə Bremen İncəsənət Universitetini, 2013-cü ildə isə Leypsiq Vizual İncəsənət Akademiyasını bitirib. Timo Herbst fənlərarası təcrübəsində rəsm, video və heykəltəraşlığı özündə birləşdirən multimedia instalyasiyalarında başlanğıc nöqtəsi kimi bədii, gündəlik və siyasi sahələrdən hərəkət və xoreoqrafiyadan istifadə edir. Onun diqqəti adətən jest və ya forma yaratmaq prosesinə yönəlir. Rəssamın dünyanın müxtəlif ölkələrində fərdi sərgiləri keçirilib: “Ephemera” (“Ken Nakahashi” qalereyası, Yaponiya, 2024); “Play by rules” (“Kunsthalle Göppingen” incəsənət qalereyası, Almaniya, 2023); “Rhythms” (“artothek Cologne” incəsənət mərkəzi, Almaniya, 2019). O, həmçinin çoxsaylı qrup sərgilərin iştirakçısıdır: “Attempt of exhausting a place” (“Yeni Gissen” incəsənət birliyi, Almaniya, 2024); “Strong Feelings” (“HAUNT” qalereyası, Berlin, 2021); “Exceptions from all directions” (“Eigenheim” qalereyası, Almaniya, 2020) və s.


Ritz Mone (d. 1982, İtaliya) 2007-ci ildə Venesiya İUAV Universitetini təsviri sənət üzrə (bakalavr), 2011-ci ildə isə həmin universiteti təsviri kommunikasiya ixtisası üzrə (magistr) bitirib. O, müxtəlif yerli incəsənət müsabiqələrinin final mərhələlərinə qədər yüksəlib, 2013-cü ildə isə “Black Flag Revival” əsəri ilə Premio Celeste mükafatının heykəltəraşlıq, instalyasiya və performans bölməsi üzrə qalibi olub. Rəssamın bir sıra ölkələrdə fərdi sərgiləri təşkil olunub: “With love and embers” (“Barvinsky” qalereyası, Avstriya, 2024); “Open letter to the mayor” (“Kake” muzeyi, Yaponiya, 2023) və s. Ritz Mone, həmçinin  çoxsaylı qrup sərgilərin iştirakçısıdır, o cümlədən: “Die zeit zerfällt oder das mass der unordnung” (“Muerz” İncəsənət məkanı, Avstriya, 2023); “Shine bright like a diamond” (Triesta Universiteti, İtaliya, 2023); “Io sono confine / I am border” (Palazzo Grillo, İtaliya, 2023); “Money Money Money” (“Michela Rizzo” qalereyası, İtaliya, 2021) və s.

Yüklənir