YAZILIN! İŞTİRAK EDİN! 'TƏCRİD OTAĞI' LAYİHƏSİ BAKIDA!

06 Fev - 26 Fev 15

“Amerika həftəsi” çərçivəsində “Təcrid otağı”nın Bakıya gətirilməsi buradakı ABŞ Səfirliyinin ayırdığı qrant sayəsində mümkün olmuşdur. Məqsədi – şəhərin incəsənət mənzərəsinə bu layihəni də qatmaq, bir də amerikalı və azərbaycanlı rəssamlar arasında yaradıcılıq mübadiləsinə dəstək verməkdir. YQ/TO layihəsi çərçivəsində Bakıda sərgilər silsiləsi keçiriləcək. Bu sərgilərdə seyrçilərə amerikalı rəssamların əsərləri, eləcə də təklifi bəyənilmiş yerli rəssamların işləri təqdim olunacaq. Sərgilər silsiləsi ilə yanaşı mühazirələr, filmlərin nümayişi, müzakirələr və s. tədbirlər də təşkil olunacaq.  


“Təcrid otağı” haqqında:

“Təcrid otağı” layihəsi  yığma bir qurğu əsasında təşkil olunub. Biçiminə görə yekə qutunu xatırladan həmin yığma qurğunun ölçüsü 7 x 7 x 9 futdur (2,13 х 2,13 х 2,74 metr). Onu Daniel McGrath vaxtilə öz evinin (Sent-Luis, Missuri ştatı) qonaq otağında quraşdırıb, içində say-seçmə qrafika, rəngkarlıq və heykəltəraşlıq əsərlərini bir-bir sərgiləməyə başlamışdı. Qurğunu istənilən otaqda yerləşdirmək olar. Bunun üçün tələb olunan xərc isə lap cüzidir, axı qurğunun yığılması “özün düzəlt” uşaq konstruktor oyunu qədər asandır. Qurğuya bir neçə ziyarətçi yerləşə bilər. “Təcrid otağı” qurğusu, içindəki eksponata işıq salan xüsusi işıqlandırma sistemi ilə də təchiz olunub. “Təcrid otağı” layihəsi sənət əsərini qavramaq üçün ideal şərait haqqında anlayışımızı dəyişir. “Təcrid otağı” layihəsi, 2010-cu ilin iyul ayında başlanıb inkişaf etdirilən elə bir layihədir ki, hər sərgisində yalnız bir ədəd eksponatın – tək qoyulmuş əsərin nümayiş olunmasını hədəfə alır. Hər hansı sənət əsəri “Təcrid otağı” layihəsinin sərgiləmə moduluna yerləşdirilərsə, fiziki olaraq karantin təcridi şəraitinə düşür. Belə şəraitdə əsəri seyr edən tamaşaçılar onun qarşısında daha çox vaxt keçirirlər. Sərgilənən eksponata qarşı ziyarətçilərdə səngiməyən maraq hissini oyadaraq, layihə qurğusu qalereya məkanı, kurator, rəssam və tamaşaçı auditoriyası arasında ən yaxın ünsiyyəti təmin etməyə qadirdir. “Təcrid otağı” layihəsinin “seyrgahı”nda yeganə bir əsərin qoyulub təcrid olunaraq nümayiş etdirilməsi, həmçinin, eksponatı çox şeydən qurtarmağa imkan verir – həm müəyyən kommersiya məqsədilə istifadə edilməsindən, həm qıraq mövzuların qatılmasından, həm də kontekstin gözdən itməsindən onu mühafizə edir. Ayrıca bir əsərin bütün dünyadan təcrid olunmuş halda nümayiş etdirilməsi ona gələcək uğuru üçün – estetik bir vahid kimi bəyənilməsi üçün əlavə qüdrət verir. Dörd il ərzində “Təcrid otağı” layihəsi müxtəlif yerli, milli və beynəlxalq meydançalarda qurulub təcrübədən keçirilmişdi, o cümlədən: Fabrikken, Kopenhagen, Danimarka; The Lemp Brewery-nin zirzəmisi, Sent-Luis; Hunter College Qalereyası, Nyu-York; The Luminary, Sent-Luis; eləcə də Estoniyanın Müasir İncəsənət Muzeyi. İndi isə növbə Bakınındır!


Öz əsərini təklif etmək istəyən sənətkarlar! Sizdən aşağıda göstərilən materialları 26 fevral 2015-ci il tarixinə qədər elektron poçt ilə info@yarat.az ünvanına göndərməniz xahiş olunur:   

- Yaradıcı tərcümeyi-hal (rezüme), yaradıcı bəyanat (kredo), “Təcrid otağı” layihəsində iştirak etmək üçün təklif müraciətiniz (sərgiləmək istədiyiniz əsəri göstərməklə) – hamısı bir PDF faylında.

 - Hal-hazırda üzərində çalışdığınız əsərlərin fotoları: 72 dpi ilə JPG formatında 5 fotoşəkil. 


Şərtlər:

- “Təcrid otağı” layihəsi üçün seçilmiş əsərin hazırlanması 8 mart 2015-ci il tarixinə qədər bitirilməlidir, 9 mart tarixində isə əsər YARAT-a təhvil verilməlidir. 

- Əsər, daşınması baxımından rahat bir əşya olmalıdır, məsəlçün, balaca heykəlcik, yığcam rəngkarlıq və ya qrafika işi və s.; o, YARAT-a “Təcrid otağı” layihəsi adından təhvil verilməlidir.

- Layihənin proqramı, eləcə də təkliflərin qəbulu və baxılması proseduru barədə bütün suallarınızı elektron poçt ilə göndərə bilərsiniz: info@yarat.az


Müddət və tarixlər:

Sənətkarlar tərəfindən təkliflərin göndərilməsi: 26 fevral tarixinə qədər 

Təkliflərin arasından qaliblərin seçilməsi: 29 fevral tarixinə qədər

Əsərin ərsəyə gətirilmə işlərinin bitirilməsi: 8 mart tarixinə qədər

Əsərin təhvil verilməsi: 9 mart


Ətraflı məlumat: info@yarat.az; +994 12 505 1414

Yüklənir