Aida Mahmudovanın "Passing by..." adlı fərdi sərgisi Nyu York Leyla Helle Qalereyası

28 May - 03 İyl 15

Leyla Heller Qalereyası (Nyu York) Aida Mahmudovanın "Passing by..." adlı fərdi sərgisini təqdim edir. 28 May – 3 İyul, 2015 / Açılış münasibətilə tədbir: 28 May, 18:00-20:00 / 568 W 25th Street, Nyu-York NY 10012


Aida Mahmudovanın “Yan keçərkən...” ("Passing By…") adlanan Amerika Birləşmiş Ştatlarında Nyu-York şəhərində fərdi sərgisi 28 may - 3 iyul, 2015-ci il tarixlərində 568 W 25th Street ünvanında yerləşən Leila Heller Qalereyasında keçiriləcək. 

Sərgidə Aida Mahmudovanın əsərlərində əksini tapmış nostalji və xatirələr mövzusuna əsaslanan və ilhamını onun hazırda yaşayıb-yaratdığı Azərbaycanın təbiət və memarlığından alan səkkiz yeni rəsm əsəri təqdim ediləcək.

Aida Mahmudova rəssamlıq prosesinə və rənglərin fiziki xüsusiyyətlərinə eyni dərəcədə diqqət yetirərək kətan üzərindəki boyaları canlandırır. O, tamaşaçını cəlb etməyə qadir iri səhnələr yaradarkən dərinlik, perspektiv və miqyas üzərində işləyir. Rənglərin qabarıq sərhədlərinin strukturu fırçanın nahamar izlərinin çoxsaylı təbəqələri ilə birləşir. Rəsmin səthi poliuretan köpüyü kimi materialların əlavə edilməsi, onların üzərindən rəsmə həcm vermək üçün boyaların impasto üsulu ilə çəkilməsi ilə daha hərəkətli və canlı olur.

Bu rəsm silsiləsində Mahmudova anilik ideyasını araşdırır. Əsərlər daimi və sürətli dəyişikliklərə məruz qalan bir arxa planı - Azərbaycanın təbii şəraitini, şəhər mühitini və memarlığını görməyə imkan verir. Əgər kimsə İslam memarlığı tarixi qalıqlarının yanında parlaq yeni tikintilərin təzadlı mənzərəsini görmək istəyirsə, Mahmudova, əksinə, diqqəti şəhər mərkəzlərinin ətrafında olan sadə tikililərə cəlb edir. Bu tikililər təbiətin təmiz rəngləri ilə qovuşur və vəhdət yaradır. Mahmudova  bu diqqətdən kənar yerli mənzərələri əsərinin ön planına yerləşdirməklə vətəninin müxtəlifliyini araşdırır. Onun zərif nostalji hissi ilə aşıb-daşan əsərlərində şəhər mənzərəsinin təkamülü ilə əlaqədar sosial-antropoloji baxışlar əksini tapır.

Mahmudovanın əsərlərinin mərkəzində onun yaddaş, bu yaddaşın şəxsiyyətlə əlaqəsi və bu iki məfhumun daima dəyişməsi və zaman keçdikcə yenidən yaddaşlara qayıda bilməsi haqqında düşüncələri və araşdırmaları durur. Aida Mahmudova deyir: "Rəsmlərimdəki səhnələr mənim üçün şəxsi əhəmiyyətə malikdir; onlarda Bakıdakı yerlərlə xatırladığım və təsəvvür elədiyim yerlər bir araya gəlir. Hər bir mənzərə daima dəyişən arxa plandakı sabitlik anını əks etdirir." Onun əsərlərində təxəyyül və reallıq arasındakı təzad abstrakt və fiqurativ formaların birləşməsi yolu ilə yaradılır və nəticədə eyni zamanda həm cəlbedici olan, həm də çaşqınlıq hissi doğuran rəsmlər meydana çıxır.


Rəssam haqqında

1982-ci ildə Azərbaycan, Bakıda dünyaya gəlmiş Aida Mahmudova Bakıda yaşayıb-yaratmaqdadır. Mahmudovanın əsərləri geniş şəkildə sərgilənir. Onun dəniz mənzərələri "Artwise"ın kuratorluğu ilə VITA VITALE qrup sərgisinin bir hissəsi olaraq 56-cı Venesiya Biennalesində təqdim olunacaq. Onun heykəltəraşlıq instalyasiyaları və rəsmləri beynəlxalq sərgilərdə nümayiş etdirilmişdir: "Here Today", Old Sorting Office, London; "Sevir - Sevmir" (Love Me, Love Me Not), 55-ci Venesiya Biennalesi; Bakıya Uçuş (Fly To Baku), London, Paris, Berlin, Moskva, Roma; "Birləşən Körpülər" (Merging Bridges), Müasir İncəsənət muzeyi, Bakı, Azərbaycan. Onun əsərləri dünyanın müxtəlif yerlərində fərdi kolleksiyalarda saxlanılır. Rəssamın "Recycled" kompozisiyası Bakı Bulvarında nümayiş etdirilir.

Aida Mahmudova 2011-ci ildə bir qrup rəssam tərəfindən əsası qoyulan YARAT-ın təsisçisi və yaradıcı rəhbəridir. YARAT Azərbaycanda müasir incəsənətin ictimaiyyət tərəfindən dərk olunması və Azərbaycan incəsənətinin ölkə daxilində və beynəlxalq səviyyədə təbliğ olunması ilə məşğuldur. YARAT 56-cı Venesiya Biennalesində "Odla suyun birliyi" (The Union of Fire and Water) layihəsini təqdim etmişdir.

Yüklənir