​DUET QALEREYASINDA (ABŞ) Ketlin Aasen (Sent-Luis) və Vüsal Rəhimin (Bakı) sərgisi

22 May - 17 İyn 15

Ketlin Aasen (Sent-Luis) və Vüsal Rəhim (Bakı)

22 may - 17 iyul 2015-ci il

DUET QALEREYASI (ABŞ)

Duet böyük məmnunluqla Amerika rəssamı Ketlin Aasenin (Duet Qalereyası) və Azərbaycan rəssamı Vüsal Rəhimin (YAY Qalereyası) yaradıcılığını təqdim edən sərgi barədə xəbər verir. Bu iki rəssamın əsərləri ilk dəfədir ki birlikdə nümayiş etdirilir. Onların abstrakt rəngkarlığa yanaşma özəllikləri vasitəsilə sərgi iki ölkə arasında mədəniyyət dialoqu təəssüratı bağışlayır. Duet Qalereyasının (Sent-Luis, ABŞ) direktoru Daniel Mak-Qrat və YARAT Müasir İncəsənət Məkanının (Bakı, Azərbaycan) yerli proqramlar üzrə direktoru Lana Sokolova bu sərgiyə birlikdə kuratorluq edirlər.

Vüsal Rəhimin sərgidə nümayiş etdirdiyi rəngkarlıq silsiləsi onun əvvəlki əsərlərində sınayıb-təkmilləşdirdiyi özünəməxsus rəssamlıq üslubu üzərində qurulub. Hər bir tablosunda Vüsal Rəhim insan fiqurunun tanınan cizgilərini ayrı-ayrılıqda müəyyən abstrakt formalar şəklində göstərərək, parlaq rəng palitrasından aldığı boyanı kətan üzərinə sərbəst, süzgün yaxmaqla vahid obraz halına gətirir, birləşdirir. Onun tablolarından duyulan dinamik hərəkət hissi bu əsərləri tükənməz enerji ilə doldurur. Cizgilər və düşünülmüş kompozisiya vasitəsilə rəssam həmin enerjiyə nəzarət edir.  

Ketlin Aasenin rəngkarlıq əsərləri Vüsal Rəhimin tabloları ilə yanaşı nümayiş etdirilərək, kontrapunkt təşkil edir. Onun kağız və kətan üzərində çəkdiyi şəkillərin üstündə ara-sıra ləkələr düşüb, boyalar axaraq iz qoyublar, rənglər solub. Üst qatın əriyib-axan boyaları altından astarın boylanıb-çıxdığına görə bu təsvirlər, sanki, təbii, ancaq formalarından heç nəyə oxşamayan bir görüntü yaradırlar və beləcə, yoxluğa işarə vururlar. Üslub baxımından Vüsal Rəhimin işlərinə nə qədər nəzarət və enerji, səliqə-sahman və dinamizm xasdırsa, Ketlin Aasenin əsərləri üçün bir o qədər səssizlik, müəllif barədə az məlumat vermək səciyyəvidir. 

Direktor və müştərək kurator Daniel Mak-Qrat belə izah edir:

 “Keçən ilin oktyabrında Lana Sokolova “CEC Arts Link”-in art-rezident qonağı qismində Sent-Luisdə olduğu zaman onunla görüşmək mənə nəsib oldu. Biz onunla “Duet”də müştərək kuratorluğumuzla sərgi keçirmək imkanlarını müzakirə etdik. Vüsal Rəhimlə Ketlin Aasenin əsərlərini birlikdə sərgiləmək Lananın seçimi oldu. Onun fikrincə, bu rəssamların abstrakt rəngkarlıqda nümayiş etdirdikləri üslub baxımından onların qoşa təqdimatı maraqlı, düşündürən olmalı idi.”

Yerli proqramlar üzrə direktor və müştərək kurator Lana Sokolova vurğulayır:

“İlk dəfə Ketlinin əsərlərinə baxan kimi, Vüsalın emalatxanasında gördüyüm abstrakt eskizləri xatırladım. Ketlinlə duet sərgilənmək üçün məhz Vüsalı ona görə seçdim ki, bu iki rəssamın əsərlərində gerçəkliyin abstrakt təsvirə çevrilməsi güclü bir paralel təşkil edir. Ketlinlə Vüsal ikisi də açıq, aktiv rənglərdən istifadə edir, öz rəngkarlıq işlərində rəngin insan hissiyyatlarını oyadan xüsusiyyətlərini instinktiv duyub-anladıqlarını nümayiş etdirirlər. YARAT Müasir İncəsənət Məkanı müxtəlif mədəniyyətlər arasında dialoqun qurulması uğrunda çalışır və bu baxımdan, belə bir sərgi bizim qarşımızda qoyulan məqsədlərə bir az da yaxınlaşmaq üçün yaxşı imkandır. Gənc Azərbaycan və Birləşmiş Ştatlar rəssamları arasında əlaqələri möhkəmləndirmək işində incəsənətin rolu olduqca böyükdür.”


RƏSSAMLARIN TƏRCÜMEYİ-HALI:

Vüsal Rəhim təsviri sənət üzrə təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında almışdır. Əsərləri YAY Qalereyası tərəfindən təmsil edilərək, Azərbaycanda və xaricdə sərgilənir. “Black woman” adlı fərdi sərgisi YAY Qalereyasında keçirilmişdi (Bakı, Azərbaycan). İştirak etdiyi qrup sərgiləri: “BACARART layihəsi”, Azərbaycan; “Ev, doğma ev”, Azərbaycan Mədəniyyət Mərkəzi, Paris; “Sülh dairəsi”, Gürcüstan Yazıçılar Evi, Tbilisi, Gürcüstan; “Commonist”, YARAT Müasir İncəsənət Mərkəzi, Bakı, Azərbaycan; IV Beynəlxalq Türk mədəniyyəti, incəsənəti və mədəni irisi simpoziumu, Milan, İtaliya; “İz”, Azərbaycan Milli Tarix Muzeyi, Bakı, Azərbaycan. 

Ketlin Aasen təsviri sənət üzrə bakalavr diplomunu Sent-Luisdəki Missuri Universitetini bitirərək almışdır. Hazırda Sent-Luisdəki Vaşinqton Universitetində təsviri sənət magistraturasında oxuyur: rəngkarlıq üzrə təhsil alır. Bu onun ilk duet sərgisidir.


Media mənsublarının məlumat və şəkillərə görə müraciət etməsi üçün əlaqə bilgiləri:

Daniel McGrath

Tel.: +13106147338

E-mail: duetstl@gmail.com


Redaktorlar üçün:

Adı: adsız

Yeri: Sent-Luis, Missuri, ABŞ

Tarixi: 22 may - 17 iyul 2015-ci il

Vebsayt: www.duetstl.com, www.yayagallery.com

Twitter/Facebook/Instagram – www.fb.com/yaygallery 


KURATORLAR HAQQINDA:

Daniel Mak-Qrat Sent-Luisdəki Lindenwood Universitetində incəsənət fakültəsinin adyunkt-professorudur. 2005-ci ildə London Universitetinin Kings Kollecində “Təsviri sənət” üzrə magistraturanı bitirmişdir. 2000-ci ildə UCLA Universitetini bitirərək bakalavr dərəcəsini qazanmışdır. Sent-Luisdə qərarlaşan “Yığma qalereya / Təcrid otağı” layihəsinin direktorlarından biridir. Los-Ancelesdə qərarlaşan “Sweetboy” layihəsinin müştərək kuratorlarından biri olmuşdur. Los-Ancelesdə, Sent-Luisdə, eləcə də Oksfordda (Birləşmiş Krallıq) sərgilər keçirmişdi. Ştatdankənar yazar qismində “Art Papers”, “Art US”, “Sculpture” və “Site 95” kimi mətbu orqanları ilə əməkdaşlıq edir. Əsərlərini nümayiş etdirdiyi sərgi salonları:  “The Fabrikken”, Kopenhagen, “Hunter College MFA Studios”, Nyu-York; “Office Space”, Los-Anceles; “SweetboyProjects”, Los-Anceles; “Pirate”, Börford, Birləşmiş Krallıq; “Good Citizen”, Sent-Luis; “PSTL”, Sent-Luis; “Hunt” Qalereyası, Sent-Luis; “The Luminary Center for the Arts”, Sent-Luis. Oksfordda (Birləşmiş Krallıq), bir də Sent-Luisdə (Missuri ştatı, ABŞ) yaşayıb-çalışır.

Lana Sokolova YARAT Müasir İncəsənət Məkanının (Bakı, Azərbaycan) yerli proqramlar üzrə direktorudur. O, yerli proqramların yaradıcı inkişafını və əhaliyə təqdim olunmasını, həm Avropanın, həm də Asiyanın mədəniyyət qurumlarının ümumi diqqətini YARAT-la işbirliyinə – onun tədris təşəbbüsləri, sərgi və mübadilə  tədbirləri çərçivəsində əməkdaşlığa cəlb edilməsini idarə edir. Onun layihələri şəhər mühitinin dirçəlişi və mədəniyyət dialoqu kimi mövzuları hədəfə alırlar. 2013-cü ildə Participate (“İştirak et!”) adlı Pablik-Art festivalını təşkil etmişdi. Mövzu etibarilə interaktivliyə həsr olunmuş bu festival əsnasında Azərbaycan, Birləşmiş Krallıq, Rusiya, ABŞ, Gürcüstan və Niderland rəssamlarının əsərləri Bakı ətrafında yerləşən müxtəlif obyektlərdə nümayiş etdirilmişdir. 


DUET QALEREYASI HAQQINDA:

Duet silsilə sərgilər və kurator tədbirlərini təmin edən qurumdur, fəaliyyətinin hədəfi – bir Sent-Luisli rəssama başqa bir şəhəri təmsil edən bir rəssamı qoşaraq, diqqətli seçim nəticəsində mənalı cütlük təşkil etmək, əsərlərini sərgiləmək və beləcə, hər bir rəssamın işinə təsir göstərən müxtəlif mədəni aləmlərin həm oxşar, həm də fərqlənən cəhətlərini üzə çıxarmaqdır. Grand Center məhəlləsində yerləşir. Müxtəlif incəsənət sahələrində çalışaraq, öz məkanları üçün nadir sayılan mövzuları araşdıran sənətkarları birləşdirir. İyirmi beş ildən artıq müddət ərzində sarsılmaz həvəslə yerli rəssamlara yardım göstərən Ken və Nensi Kranzberq tərəfindən bir kurator layihəsi kimi dəstəklənir, rəssamlara mühüm sərgilərlə həm bölgədə, həm də daha geniş miqyasda yeni-yeni auditoriyaların qarşısına çıxmağa imkan yaradır. 


YAY QALEREYASI HAQQINDA

YAY Qalereyası Bakının tarixi mərkəzi olan, YUNESKO tərəfindən dünya mədəniyyəti irsinə aid edilmiş İçəri Şəhərdə yerləşir. Qalereyanın təsisçisi olan YARAT müasir incəsənət sahəsində fəaliyyət göstərən, bununla da Azərbaycanda yaradıcı infrastrukturu dəstəkləyən qeyri-kommersiya təşkilatıdır. Qalereya ictimai vəzifələri yerinə yetirən müəssisədir: YAY (sözün “yaymaq”, “paylaşmaq” mənasında) Qalereyasında satılmış hər bir əsərdən əldə edilən gəlir əsərin müəllifi ilə YARAT arasında bölünür. Qalereyada hər il altı sərgi keçirilir. Bundan əlavə, Qalereya böyük fəallıqla özünün görüşlər və publikasiyalar proqramını da həyata keçirir. Əsərlərini YAY Qalereyasında sərgiləyən rəssamlar sonradan beynəlxalq art-rezident proqramları və sərgilərə qatılırlar. Buna misal gətirərək, Faiq Əhmədin 2013-cü ildə nüfuzlu  Jameel Prize mükafatına təqdim olunmasını və əsərlərinin Londondakı Viktoriya və Albert Muzeyində sərgilənməsini qeyd etmək olar; Nəzrin Məmmədova, Rəşad Ələkbərov və Fərid Rəsulov Delfina Fondunun məşhur art-rezident proqramı üzrə Londonda ezam-sakin olmuşdular. 

Yüklənir