Mart 2024

ARTIM: VÜSAL İSGƏNDƏR MƏNİM TALEYİM DEYİL FƏRDİ SƏRGİSİ

25 Yan - 11 Fev 18

YARAT Müasir İncəsənət Məkani sizi Vüsal İsgəndərin “Mənim taleyim deyil” adlı fərdi sərgisinə dəvət edir.


“Öz əsərini tanıt” (2017) sərgi-müsabiqəsinin qalibi, rəssam Vüsal İsgəndər, öz fərdi sərgisində Azərbaycanda qadınların mürəkkəb həyat şəraitini araşdırır. Rəssamın başlıca məqsədi, “stereotipləşdirilmiş” rol nümunələri ilə bağlı gözləntilər qarşılanmadıqda, qadınların üzləşdiyi sosial ayrıseçkiliyi önə çəkməkdir. Rəssamın əsərləri qadınların məruz qaldığı psixoloji təsirlərə, qıcıqlara və ümidsiz görünən münaqişəli vəziyyətlərə toxunur. Belə ki, “Mənim taleyim deyil” təkcə “ittiham” yox, həm də düşüncə tərzimizi əks etdirməyə, müxtəlif həyat tərzlərini seçməklə və qəbul etməklə ümumi ideologiyalardan “yaxa qurtarmağı” təşviq etməyə çalışır.


“Bişey-mişey var?” adlı instalyasiya müxtəlif güzgülər, qadın sonsuzluğu haqqında divar yazılarının yer aldığı otaqdan ibarətdir. Otağa daxil olan ziyarətçi güzgülərdə öz əksini görür və bununla da, rəssam ona “insan reproduksiyası” ilə bağlı sualını ötürmüş olur. Bu sual, şəxsi və ictimai nüfuzun, habelə xoşbəxtliyin qadının bu gözləntini nə dərəcədə “doğrultmasından” asılı olduğunu göstərməklə, qadının dünyaya uşaq gətirməklə bağlı öhdəliyini və bununla da qadının dəyərinin azaldılmasını tənqid edir.


“Qara yarpaqlı ağac” adlı mum heykəli, bir qayda olaraq ayrıseçkilik, nəticə etibarilə yoxsulluq, sosial izolyasiya və zorakılıqdan əziyyət çəkən dul qadınların əlahiddə həyatına özünəməxsus yanaşmadır. Yanan şam, bir tərəfdən dul qadınların təhqirlərə məruz qalmasını, digər tərəfdən isə düşdükləri qorxunc durumdan qurtulmaqla bağlı ümidlərini təcəssüm edir.


“Sizdən əl çəkmərəm!” instalyasiyası tavandan döşəməyə qədər sallanan kəndirlərdən və qara rəngli “Mentallıq” sözündən ibarətdir. Bu əsər, çox sərt ictimai quruluşlara görə qadınların üzləşdiyi məhdudiyyətləri araşdırır.


“İlk mənim ol!” adlanan otaq, gəlinlik libasına daxil olmaq ab-havasını yaradır. Otağın divarları ağ atlas parçaya bürünüb, pərdəlik parça isə pəncərələrin arasında ilişib qalıb. Rəssam bilavasitə pərdənin özünü, eyni zamanda bakirəliklə bağlı bəzi mifləri sual altına qoyan himen (qızlıq pərdəsi) anlamını  ehtiva edən “pərdə” sözünü araşdırır.


Vüsal İsgəndər 1996-cı ildə Bakıda anadan olub. 2008-2011-ci illərdə “Günəş” rəsm studiyasında təsviri incəsənət üzrə təhsil alıb. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qrafik dizayn fakültəsində təhsilini davam etdirib. O, öz əsərlərində rəsm, qrafika və heykəltəraşlıq üslublarından istifadə edir. Onun əsərləri bir sıra yerli sərgilərdə nümayiş etdirilib. Azərbaycan Rəssamlar İttifaqının nəzdində Gənc Rəssamlar Birliyinin üzvüdür.


ARTIM layihəsinin başlıca məqsədi, ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır. ARTIM layihəsinin İçərişəhərdə peşəkar sərgi məkanı var. Bu məkan, eksperimentlərin aparılmasına və əsərlərin peşəkar səviyyədə nümayişinə imkan verən platforma qismində çıxış edir.


Sərginin müddəti: 25 yanvar – 11 fevral 2018
Sərginin iş rejimi: Çərşənbə axşamı – Bazar, 14.00 – 20.00 


Sərginin açılışı: 25 yanvar 2018-ci il

Saat: 19:00


Rəssam ilə görüş: 2 fevral 2018-ci il

Saat: 19:00


Ünvan: ARTIM Layihə Məkanı (İçərişəhər, Böyük Qala küç., 30, 001A)
Giriş sərbəstdir

Yüklənir